Noyabrın 12-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş dəyirmi masa təşkil olunub.
Universitetin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsindən, tolerantlığın və mədəni müxtəlifliyin qorunması sahəsində görülən işlərdən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxış edərək Azərbaycanın müasir dövrdə dünyanın multikulturalizm mərkəzinə çevrildiyini deyib, dünyanın 10-dan çox ölkəsinin ali təhsil müəssisələrində Azərbaycan multikulturalizminin fənn kimi tədris planlarına daxil edildiyini vurğulayıb.
Sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Zaur Bağırovun “Tolerantlıq multikulturalizmin əsası kimi” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların, ölkə ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarını ön plana çəkir. Bu siyasət öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır. Multikulturalizm rəngarəngliyin birliyi modelidir.
Turizm və Menecment Universitetinin doktorantları “Mədəniyyətlərin diffuziyası” və “Azərbaycançılıq və multikulturalizm” mövzusunda məruzələrlə çıxış ediblər.

Fariz