Şəhərin tarixinə həsr olunmuş mühazirələr oxunub
Sumqayıtın Tarixi Muzeyinin mühazirə zalında şəhərin yaranmasının 67-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirə 3 saylı orta məktəbin VI sinif şagirdləri qatılıblar.
Şagirdlərə Sumqayıtın yaranma tarixinin inkişaf mərhələləri və müasir dövrünü əhatə edən mühazirə oxunub, şəhərin tarixi ilə bağlı fotoşəkillər nümayiş olunub. Şair Əhməd Cəmilin “Təməl daşları” şeiri (Sumqayıta həsr olunmuş ilk şeir) səsləndirilib.
Sonda məktəblilər Sumqayıtın tarixini özündə əks etdirən daimi ekspozisiya ilə yaxından tanış olublar.
Daha bir tədbir isə Sumqayıt Texniki Kollecində təşkil olunub. Tədbirdə muzey əməkdaşları tərəfindən “Əfsanədən doğulmuş şəhər” adlı mühazirə oxunub.
Qeyd edək ki, Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının tikintisi ilə başlanıb. 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.