Türkdilli ölkələrin milli kitabxana rəhbərləri Ankarada bir araya gəldilər

Noyabrın 16-da Ankarada türkdilli ölkələrin Milli Kitabxana direktorlarının ənənəvi toplantısı keçirildi. Bu il dördüncüsü keçirilən toplantıda Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avçı, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan (Rusiya Federasiyası), Qaqauz Yeri (Moldova) və Şimali Kiprin milli və dövlət kitabxanalarının rəhbərləri iştirak edirdi.

Tədbirdə çıxış edən nazir Nəbi Avçı bildirdi ki, milli kitabxanalar türkdilli ölkələr arasındakı işbirliyi baxımından ən strateji mədəniyyət qurumlarımızın önündə gəlir: “Çünki hər milli kitabxana həm milli hafizə, həm də ortaq hafizə deməkdir. Bu ortaq hafizəni daha çox birlikdə yaşamaq, birlikdə canlandırmaq baxımından da milli kitabxana müdirləri üzərinə böyük bir məsuliyyət düşür”.
Dördüncü konfransda milli kitabxanalar arasında əlaqələrin institutlaşması yönündə ciddi, köklü və düzənləyici qərarların veriləcəyinə ümid etdiyini deyən nazir, bu yöndə dəstəklərini əsirgəməyəcəklərini bildirdi.
Nazir eyni zamanda bu günə qədər türkdilli ölkələr arasında mədəni işbirliyinə verdiyi töhfələrə görə TÜRKSOY təşkilatına minnətdarlığını bildirdi.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov milli kitabxanalar arasında əməkdaşlığın uzun illərdir davam etdiyini və bu konfransla işbirliyinin bir addım daha irəli getdiyini diqqətə çatdırdı: “Bu il türkdilli respublikaların müstəqilliklərinin 25-ci ildönümüdür. Kitabxanaların bayramı kimi də xarakterizə edə biləcəyimiz tədbir, eyni zamanda, bu respublikaların müstəqillik bayramlarının davamıdır”.
Qısa film nümayişindən sonra çıxışlar davam etdi. Çıxışlardan sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov nazir Nəbi Avçıya qurumun medalını təqdim etdi.
Sonra milli kitabxana rəhbərlərinin çıxışları dinlənildi.
Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman milli kitabxanalar arasında iş birliyinin inkişafı istiqamətində bir yol xəritəsi ortaya qoymağa çalışacaqlarını, təşkilatlanma yolunda addımlar atmaq istədiklərini qeyd etdi.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək iştirakçılara kitabxananın gələcək inkişafından, tətbiq olunan innovativ yeniliklərdən, onlayn xidmətlərdən və innovasiyaların tətbiqi təcrübəsindən danışdı.
Tədbirin ikinci hissəsində isə konfrans çərçivəsində görüşlər baş tutdu.
Toplantı Zülfi Tomanın bağlanış çıxışı ilə başa çatdı.

Mehparə Sultanova
Ankara