Mədəniyyət və Turizm Nazirliyində qurumun İcraiyyə Şurası Akademik Komitəsinin sədri ilə görüş keçirilib
Noyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyində Şərq Xalçaları üzrə Beynəlxalq Konfransı (İCOC) İcraiyyə Şurasının Akademik Komitəsinin sədri Alberto Boralevi və Böyük Britaniyanın nüfuzlu “Hali” jurnalının baş redaktoru Ben Evans ilə görüş keçirilib.
Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq, 2017-ci ilin oktyabr ayında V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncam imzaladığını diqqətə çatdırıb, Azərbaycanın xalçaçılıq sənətinin daha geniş miqyasda tanıdılması baxımından bu beynəlxalq tədbirin əhəmiyyətini xüsusi qeyd edib. Əbülfəs Qarayev bu nüfuzlu tədbirin təşkili üçün nümayəndə heyətinin ölkəmizə səfərini və gələcək əməkdaşlığı yüksək qiymətləndirib.
Vurğulanıb ki, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
“Hali” jurnalının baş redaktoru Ben Evans qəbula görə təşəkkürünü bildirib və Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılığın özünəməxsus yer tutması haqqında məlumatlı olduğunu qeyd edib.
İCOC-un İcraiyyə Şurasının Akademik Komitəsinin sədri Alberto Boralevi isə öz növbəsində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun yüksək səviyyədə təşkil olunması üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.
Görüşün sonunda Azərbaycan Xalça Muzeyi və Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının İcraiyyə Şurası arasında əməkdaşlıq protokolu imzalanıb.