Yardımlı. Rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə şeir qiraəti müsabiqəsi təşkil edilib.
Şabran. Mərkəzi kitabxananın təşkilatçılığı ilə 4 saylı orta məktəbdə dövlət müstəqilliyimizin 25 illiyinə həsr edilmiş şeir qiraəti müsabiqəsi keçirilib. Fərqlənən şagirdlər mükafatlandırılıb.
İmişli. Azərbaycanın dövlət müstəqilliyinin ildönümü münasibətilə rayon Mədəniyyət mərkəzində MKS ilə birlikdə “Azad vətənim” adlı tədbir keçirilib.
Ağdaş. Mərkəzi kitabxanada Xalq yazıçısı Mirzə İbrahimovun 105 illik yubileyinə həsr olunmuş oxucu konfransı təşkil edilib. MKS-nin direktor müavini Sevgili İbrahimova, baş biblioqraf Könül Musayeva, 68, 65 saylı kitabxanaların müdirləri Tahilə Məmmədova, Ruhanə İbrahimova və başqaları ədibin həyat və yaradıcılığından söz açıblar.
Quba. MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsində valideynlər üçün uşaqlara hekayələrin oxunması üzrə treninq keçirilib. Tədbirdə şöbənin müdiri Zərəfşan Yasinova UNİSEF-in dəstəyi ilə həyata keçirilən “Erkən uşaqlıq dövründə qayğı və inkişaf, daha yaxşı valideynlik təşəbbüsü” layihəsi barədə məlumat verib.
Şirvan. Şəhər Mərkəzi kitabxanasında Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” adlı ədəbi-bədii gecə təşkil edilib. İqtisadiyyat və Humanitar Kollecin tələbələrinin, 21 saylı orta məktəbin müəllim və şagirdlərinin qatıldığı tədbirdə MKS-nin direktoru İltifat Nəbiyev, kitabxananın əməkdaşları İlhamə İmanova və Yeganə Nağdəlıyeva çıxış ediblər. Tələbələr və şagirdlər əlamətdar günün tarixi haqqında danışıb, şeirlər söyləyiblər.
Şəmkir. MKS-nin Uşaq şöbəsi 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Nizami Gəncəvi adına şəhər orta məktəbin 4 A sinfində “Hüquqlarımızı öyrənək” adlı slayd təqdim edib. Uşaqlarla mövzuya aid sual-cavab keçirilib.
Ağcabədi. Heydər Əliyev Mərkəzində məktəbəqədər təhsil müəssisələrinin uşaqları üçün cizgi filmlərinin nümayişi təşkil edilib. Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının fidanları “Siçan və pişik” cizgi filminə baxıblar, şeirlər söyləyib, mahnılar oxuyublar. Mərkəzdə cizgi filmlərinin nümayişləri noyabrın sonunadək davam edəcək.
Masallı. N.Gəncəvi adına Mədəniyyət mərkəzində rayon Xalq teatrının, Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə hazırlanan “Üçrəngli bayrağım” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirin sonunda kollecin direktoru Vidadi Nəzərov bir qrup tələbəyə fəxri fərmanlar və diplomlar təqdim edib.