Tərtərdə yazıçı və şairlərlə görüş
Noyabrın 8-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazarlar Klubunun (AyAK) “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə millət vəkili, yazıçı Aqil Abbas, yazıçı-publisist, "Olaylar" qəzeti və informasiya agentliyinin baş redaktoru Yunus Oğuz, şair Əbülfət Mədətoğlu və AyAK sədri, yazıçı Elçin Hüseynbəyli iştirak ediblər.
Mərkəzin direktoru Səlimə Yusibova bildirib ki, belə görüşlər sərhədyanı rayonların əhalisi arasında, xüsusilə gənc nəsildə vətənpərvərlik hissini artırır.
Sonra Elçin Hüseynbəyli layihə barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüş keçirməkdir. Qeyd edib ki, yazıçılar da dövlətimizə, ordumuza, cəbhə bölgələrində yaşayan insanlarımıza dəstək verməlidirlər.
Millət vəkili Aqil Abbas qeyd edib ki, yazıçısından, hərbçisindən tutmuş ən sadə vətəndaşına qədər bütün ölkə əhalisi həmişə dövlətin yanında olub. Məhz bu amil imkan verir ki, dövlətimiz beynəlxalq aləmdə öz prinspial mövqeyini nümayiş etdirə bilsin.
Dağlıq Qarabağın Tuğ kəndindən olan şair Əbülfət Mədətoğlu köçkünlük dərdindən danışıb və Qarabağla bağlı yazdığı şeirlərini oxuyub.
Rayon ictimaiyyəti adından çıxış edən Qədir Tərtərli qonaqlara təşəkkürünü bildirib. Qeyd edib ki, uzun müddətdir tərtərlilər silah səsini eşitməyə məcburdurlar. Bu gün isə yazıçı sözü eşitdilər və çox məmnun oldular.
"Canımız Qarabağ, yazımız Qarabağ" layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşir. Bundan əvvəl layihə çərçivəsində Ağdam ictimaiyyəti ilə görüş olub.