Noyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Cavanın 100 illiyinə həsr edilən yubiley tədbiri keçirildi.
   
      Tədbirin aparıcısı çıxış edərək aşıq Hüseyn Cavanın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, o, 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Uti kəndində dünyaya göz açıb. Atası vaxtsız vəfat edir, ailəsi Şimali Azərbaycana köçür, Ağdamın Şərəfxanlı və Dəliməmmədli kəndlərində yaşayır. Hüseyn 1927-1935-ci illərdə Dədə Ələsgərin qardaşı oğlu Musanın yanında şəyirdlik edir, aşıq sənətinin sirlərini öyrənir.
   Bədii yaradıcılığa maraq göstərən H.Cavanın ilk qələm təcrübələri - “Gül Azərbaycan”, “Ana vətən” və s. şeirləri Təbrizdə “Vətən yolu” qəzetində dərc edilir. O, Cənubi Azərbaycanda milli demokratik hərəkata dəstək verir, sazı-sözü ilə azadlıq fədailərini qələbəyə ruhlandırır. 1945-ci ildə Təbrizdə qurulan Milli hökumət tərəfindən “21 Azər” medalı ilə təltif olunur. Təbrizdə təşkil olunan dram teatrının direktor müavini təyin edilir.
   Cənubi Azərbaycanda Milli hökumətin süqutundan sonra 1946-cı ildə Şimali Azərbaycana gələn H.Cavan Bakıda Dövlət Filarmoniyasının solisti olub. Xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak edib. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə onun bədii rəhbərliyi ilə aşıqlar dəstəsinin çıxışı böyük maraqla qarşılanıb. 
   “Şərəf nişanı” ordeni və müxtəlif təltiflərə layiq görülən ustad aşıq 1985-ci il noyabrın 14-də vəfat edib.
   Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək H.Cavanın sənətkarlıq məziyyətlərindən danışdı. Bildirdi ki, o, özünəməxsus cəhətləri olan aşıq idi. Bir sənətkar kimi geniş repertuarı, o cümlədən yüksək diapazona malik şaqraq səsi vardı. Cənubi Azərbaycanda dünyaya göz açsa da, tale onu Şimali Azərbaycana gətirib. Aşıq Ələsgər ocağı Hüseyni öz ağuşuna alıb. O vaxt aşıq Hüseyn Bozalqanlı çox məşhur olduğundan gənc Hüseyni ondan fərqləndirmək üçün “Cavan” təxəllüsü verirlər. Göyçə, Təbriz aşıq mühitlərindən ustalıqla bəhrələnən H.Cavan özündən sonra “Cavanı” havasını yadigar qoyub. İndi də onun oxuduğu və möhür vurduğu “İrəvan çuxuru” havası dinləyicilər tərəfindən maraqla qarşılanır.
   Çıxışlardan sonra səhnə aşıqlara verildi. İlk olaraq ustad aşıq Mahmud Məmmədov “Göyçə gözəlləməsi”ni ifa etdi. Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Gədəbəy aşıqları Asudə Hüseynova, Anar Abdullayev və Zülfüqar Şəmilovun ifasında “Aran gözəlləməsi” səsləndirildi. Güney Azərbaycandan Məhbub Xəlili “İrəvan çuxuru”, Kəlbəcər aşıqlarından Elbrus Hüseynov, Şöhrət Kərimov və Əfqan Məmmədov “Cəlili” havasını təqdim etdilər. Cənublu Əli Səlimi və Ərsalan Zari aşığın qoşduğu “Səttarxan” dastanından bir parça danışdılar, “Dərvişi” havasını səsləndirdilər. 
   Haqverdi Kərəmoğlu və Yolçu Salmanlı “Orta Sarıtel”, Nəbi Nağıyev “Misri”, Altay Məmmədli və İsa Qaraxanlı “Hüseyni”, Güney Azərbaycandan “Dalğa” qrupunun rəhbəri Çingiz Mehdipur “Osmanlı divanisi”, Mahmud Cahangiri, Əli Fəllah “Naxçıvani”, Gözəl Kəlbəcərli, Əli Zeynalabdinov “Göyçəgülü”, Gülarə Azaflı, Roman Azaflı “Şəqayi gəraylı”, Höccət Qaradağlı, Məhəmmədəli Abbasi “İncəgülü”, Firudin Bozalqanlı “Ruhani”, Cavad Məhərrəmi “Qəhrəmanı”, Şöhrət Kərimov “Cəngi koroğlu” havasını ifa etdilər. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   
   S.Fərəcov