2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı Lerik rayonunun mədəniyyət ocaqlarında da müxtəlif tədbirlər keçirilir. Daster kənd klubunda təşkil olunmuş “Millət görmək istəyən Azərbaycana gəlsin” mövzusunda tədbir rəngarəngliyi ilə seçildi.
   Tədbir müxtəlif xalqların həyat tərzini əks etdirən fotoşəkillərlə tanışlıqla başlandı. Sonra aparıcı - kənd məktəbinin müəllimi Tural Əliyev Süleyman Rüstəmin “Azərbaycana gəlsin” şeirindən bir bənd söyləyib sözü kənd ziyalısı Hüseynağa Hüseynova verdi. O bildirdi ki, Azərbaycan müxtəlif millətlərin mehriban yaşadığı tolerant ölkədir. Bu diyarda yaşayan hər bir millətin nümayəndəsi onu özünə ana vətən hesab edir. 
   Sakinlərdən Zahid Cabbarov, Elman Babayev, Məhərrəməli Məmmədov Azərbaycanda yaşayan millətlərə dövlət tərəfindən göstərilən qayğıdan danışdılar. Böyük Vətən müharibəsi veteranı Cəbrayıl Babayev qazanılan qələbədə millətlərin dostluğundan söz açdı. 
   Klub müdiri Adil Əmənovun rəhbərliyi altında Daster kənd məktəbinin istedadlı uşaqları müxtəlif xalqların folklor nümunələrindən ibarət “Mahnı qanadlarında” adlı musiqili kompozisiya təqdim etdilər.
   
   Zəfər Orucoğlu
   Lerik