Peşəkar milli sirk sənətinin 70 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirildi
Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan milli sirk sənəti - 70” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.
Konfransı institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açaraq Azərbaycan peşəkar sirk sənətinin yaranması və inkişaf istiqamətlərindən danışdı. Qeyd etdi ki, ölkəmizdə ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxsa da, peşəkar sirkin meydana gəlməsi nisbətən yaxın keçmişə təsadüf edir. Mədəniyyətimizin ölməz dühası Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan peşəkar sirk kollektivinin ilk milli sirk proqramının premyerası 1946-cı il iyunun 12-də olub.
İnstitutun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov “Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Azərbaycanda peşəkar sirk sənətinin yaranması çox çətin bir dövrə təsadüf edir. İkinci Dünya müharibəsi yenicə bitmişdi. Müharibənin ağır fəsadları aradan qalxmamışdı. Buna baxmayaraq, 1946-cı ildə dahi bəstəkar, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin rəhbərliyi ilə ölkəmizdə peşəkar sirk sənətinin əsası qoyuldu.
Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə “Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu” adlı məruzəsində ölkəmizdə bu sənətin inkişafı istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, bu illər ərzində sirk sənətimiz inkişaf yolu keçərək bir çox tanınmış sirk aktyorlarının yetişməsinə nail olub. Bu gün də Azərbaycan sirk sənətinin yeni-yeni yaradıcılıq axtarışları ilə öz ustalıq səviyyəsini artırdığı vurğulandı.
Tədbirdə “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi”, “Azərbaycan sirkində klounada”, “Azərbaycan milli kinosunda sirk ənənəsi”, “Azərbaycan illüziya sənətinin inkişaf yolları”, “Müasir Azərbaycan sirk sənəti dünya arenasında” mövzusunda məruzələr dinlənildi. Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri və digər aktual mövzular müzakirə olundu.
Konfransda Azərbaycanda peşəkar sirk sənətinin yaradılmasının 70 illik yubileyi münasibətilə ARB (Region TV) televiziyasının “Aranfilm” yaradıcılıq mərkəzi tərəfindən istehsal edilən “Bu, Azərbaycan sirkidir” sənədli filmi də nümayiş etdirildi.
Fariz Hüseynov