“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının növbəti 20-ci nömrəsi işıq üzü görüb. Prezident yanında Ali Attestasiya Komissiyasının sənətşünaslıq və tarix ixtisasları üzrə elmi nəşrləri sırasında olan jurnalda incəsənət, tarix, xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları dərc edilir.
Jurnalın üz qabığında XIX əsrin sonlarında Quba rayonunun Cimi kəndində toxunmuş və üzərində oğuzların Bayandur boyunun damğası olan kilimin fotosu əksini tapıb. Bu nömrədə akademik İsmayıl Hacıyevin “Qeysəriyyə - örtülü Şərq bazarı”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəqala”, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Azərbaycan “Qarxun”ları: yurdlar və xalçalar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın “Həyat ağacı” ənənəvi xalça mədəniyyətində əsas arxetipik obraz kimi”, tarix üzrə fəlsəfə doktoru Südabə Zeynalovanın “Azərbaycanda alman məskənlərinin tarixi və etnoqrafik xüsusiyyətləri” və digər tarixi, etnoqrafik mövzularda məqalələr yer alıb.
Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.