Noyabrın 29-da Bakıdakı Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış ediblər. Bildirilib ki, müsabiqəyə paytaxtdan və bölgələrdən 148 rəssam 320 əsəri ilə qatılıb. Sərgi-müsabiqədə münsiflər tərəfindən 77 rəssam seçilib. Sərgidə nümayiş olunan 115-dək sənət əsəri mövzusu və məzmunu ilə maraq doğurur.
Qeyd edilib ki, sərgidə sulu boya ilə çəkilmiş yeni sənət əsərləri nümayiş olunur.
Vurğulanıb ki, sərginin təşkil olunmasının məqsədi akvareli yaşatmaqla yanaşı, onun gələcək inkişafına stimul yaratmaqdır.
Sonda qaliblər mükafatlandırılıblar. Qaliblər 2017-ci ildə beynəlxalq rəsm festivallarında iştirak etmək hüququ qazanıblar.