Noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı Elçinin “Arılar arasında” əsəri əsasında hazırlanmış tamaşaya baxış olub.
Tamaşadan əvvəl muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Xalq yazıçısı, ictimai və dövlət xadimi Elçin Əfəndiyev ötən əsrin 60-cı illərində ədəbi fəaliyyətə başlayıb və geniş oxucu kütləsinin hörmətini qazanıb. Yazıçı indi də mədəniyyətimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafı naminə xidmət göstərir. Ədibin povest və hekayələrdən ibarət kitabları, seçilmiş əsərləri, ədəbi tənqidi məqalələri həmişə diqqət mərkəzindədir. Elçinin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək nəşr olunub. Bir sıra əsərləri ekranlaşdırılıb, pyesləri Azərbaycanla yanaşı, xarici ölkələrin də teatrlarında öz uğurlu səhnə həllini tapıb. Naxçıvan teatrı bir neçə dəfə yazıçı-dramaturqun yaradıcılığına müraciət edib, 2001-ci ildə “Mənim ərim dəlidir”, 2002-ci ildə “Mənim sevimli dəlim”, 2009-cu ildə isə “Ah, Paris, Paris” pyesləri uğurla tamaşaya qoyulub. Elçinin “Arılar arasında” əsəri Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə tamaşaya qoyulur.
Sonra tamaşa nümayiş olunub.
Pyesdə kənd və şəhər, eləcə də nəsillər arasında uzaqlaşma əksini tapıb. Müəllif bütün problemlərin müqabilində arı ailəsini nümunə kimi götürür. Göstərilir ki, istər cəmiyyətdə, istərsə də ailədə hər bir fərd ona həvalə edilmiş işin öhdəsindən gəlməyə, nizam-intizamlı olmağa, qarşıya çıxan çətinliyi dəf etməyə çalışmalı, bunun üçün iradə nümayiş etdirməlidir. İnsanda bu keyfiyyətlərin formalaşması isə mənəvi tərbiyə ilə bağlıdır. Arılardakı nizam-intizam, arı ailəsindəki qarşılıqlı münasibətlər və hər ailə üzvünün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi insan cəmiyyəti üçün örnək olmalıdır. Səmimi və zəhmətkeş insanların qocalanda belə həyata olan sevgisi, gələcəyə inamı da əsərin əsas ideyasını təşkil edir. Tamaşada təbiətə və insanlara sevgi, gənclərə yüksək amallar uğrunda yaşamaq tövsiyə olunur.
Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı muxtar respublikanın Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycanın Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Rolları Xalq artisti Həsən Ağasoy, Əməkdar artist Əbülfəz İmanov, aktyorlardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Səyyad Məmmədov, Şölə Novruzbəyli və başqaları oynayır.
Tamaşadan sonra muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov və Xalq yazıçısı Elçin səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüblər.
Yazıçı-dramaturq uğurlu səhnə əsərinə görə kollektivə təşəkkür edərək deyib: “Arılar arasında” pyesinin ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda səhnəyə qoyulması mühüm əhəmiyyət daşıyır. Naxçıvan teatrı böyük mədəniyyət ocağıdır. Görkəmli Azərbaycan ziyalı və maarifçilərinin XIX əsrin sonlarında əsasını qoyduqları Naxçıvan teatrının ölkəmizdə və bütövlükdə Şərqdə teatr sənətinin inkişafında mühüm xidmətləri vardır. Naxçıvan teatrında yaradılan müasir şərait, formalaşan kollektiv sənətə böyük qayğıdan xəbər verir. Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri, əldə olunan müasir inkişaf mədəniyyət sahəsini, eləcə də teatrı da əhatə etmişdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov uğurlu tamaşa münasibətilə kollektivi təbrik edib. Bildirib ki, Elçinin “Arılar arasında” pyesində müasir dövrdə cəmiyyəti narahat edən məsələlərə toxunulur. Nobel mükafatı laureatı yazıçı Moris Metterlinq 1901-ci ildə yazdığı "Arıların həyatı" əsərində cəmiyyətin inkişafında arıların həyatından nümunə götürməyi ön plana çəkib. “Arılar arasında” pyesində də arıların həyatından nümunə gətirilərək səhnələşdirilir və böyük tamaşaçı kütləsinə çatdırılır.
Ali Məclisin sədri uğurlu əsərə görə Xalq yazıçısına təşəkkür edib, kollektivə yaradıcılıq uğurları arzulayıb.
Sonda tamaşanın yaradıcı heyəti ilə birlikdə xatirə şəkli çəkdirilib.