Sentyabrın 29-da Muğam Mərkəzində görkəmli fırça ustası, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın yaradıcılığına həsr olunmuş “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin təqdimat mərasimi keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal olunub.
   
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşları, kino və incəsənət xadimləri iştirak edirdilər. Nümayişdən əvvəl çıxış edən Xalq rəssamı Tahir Salahov bildirdi ki, Vəcihə Səmədovanın yaradıcılığı Azərbaycan təsviri-incəsənət sahəsində mühüm yer tutur və orijinallığı ilə seçilir: “Mən sevinirəm ki, Vəcihə Səmədova və Lətif Feyzullayevlə bir dövrdə yaşamışam. Biz belə rəssamlarımızı dünyada tanıtdırmaq üçün müxtəlif sərgilər təşkil etməliyik. Necə ki, həmin şəxslər haqqında filmlər çəkirik”.
   Filmin ssenari müəlliflərindən biri, Vəcihə Səmədovanın nəvəsi Aqşin Feyzullayev isə qeyd etdi ki, bir neçə il əvvəl Vəcihə Səmədova haqqında nəfis şəkildə kitab nəşr olunub: “Filmi bu kitabın davamı hesab edirəm. “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin meydana gəlməsində göstərdiyi köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə öz ailəm adından təşəkkür edirəm”.
   Bundan sonra film nümayiş olundu. Filmdə Vəcihə Səmədova və onun yaradıcılığı haqqında rəssamlar Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov, Fərhad Xəlilov, Həyat Abdullayeva, Sakit Məmmədov, bəstəkar Xəyyam Mirzəzadə danışıblar. Ekran əsərinin sonunda rəssamın əsərləri nümayiş olunur.
   “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin rejissoru Nicat Feyzullayev, ssenari müəllifləri Aqşin Feyzullayev, Nicat Feyzullayev, operatoru Nizami Abbas, bəstəkarı Rauf Əliyev, montaj rejissoru Mübariz Nağıyev, prodüseri Cavid İmamverdiyevdir.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar