Noyabrın 26-da Azərbaycan Xalça Muzeyində növbəti “Ailə günü” tədbiri təşkil olunub.
Muzeydə hər ayın axırıncı şənbə günü Uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə gerçəkləşən tədbirin əsas məqsədi valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyəti və incəsənətini tanıtmaqdır.
Bu dəfə də proqramda uşaqların müxtəlif yaş hədləri nəzərə alınaraq çeşidli əyləncəli oyunlar təşkil olunub. Balacalar ustad dərslərində iştirak edib, müxtəlif incəsənət nümunələri hazırlamaq üçün bacarıqlarını nümayiş etdiriblər. İştirakçılara muzey əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyalarının, qolbaqların və s. hazırlanması ilə bağlı tapşırıqlar verilib.
Memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb. Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birinin rəsmini çəkiblər. Ən yaxşı 5 rəsmin müəllifinə mükafatlar təqdim edilib.