Türk kino ulduzlarının paytaxtımızda daha bir qala-gecəsi 
   
   Milli və xarici filmlərin qala-gecələrinin əsas məkanı olan Nizami Kino Mərkəzi “Af Media” şirkəti ilə birgə növbəti filmin təqdimatını keçirib.
   Noyabrın 26-da Türkiyənin məşhur sənətçisi Özcan Deniz çəkdiyi “İkinci şans” filminin baş qəhrəmanlarını oynayan Nurgül Yeşilçay və Mesut Can Tomay ilə birgə Nizami Kino Mərkəzində qala-gecəsində iştirak edib.
   Pərəstişkarların coşqulu alqışları ilə qarşılanan sənətçilər tamaşaçılarla birlikdə filmi izləyiblər.
   Romantik dram janrında çəkilən film iki zidd xarakterli insan - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir.
   “Avşar film” və “DNZfilm”in istehsalı olan ekran əsərində Özcan Deniz, Nurgül Yeşilçay, Mesut Can Tomay, Afra Saraçoğlu, Berrin Sarısay Ağhasanoğlu, Fulya Şirin, Anıl Altıngöz, Aybikə Turan və başqaları rol alıb.
   Filmin nümayişindən sonra qonaqlar media üçün mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.