Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 30-da Bərdədə vətəndaşlarla görüşdən sonra rayondakı bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu. Nazirlə bərabər ölkəmizdə səfərdə olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də mədəniyyət ocaqlarına baş çəkdi.
   İlk olaraq Bərdə Dövlət Rəsm Qalereyasına gələn nazirə qalereyanın fəaliyyəti və fondda saxlanılan əsərlər haqqında məlumat verildi.
   Nazir sonra rayon Tarix-diyarşünaslıq muzeyinə gəldi. Burada məlumat verildi ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən və ilkin şəhər mədəniyyətinin formalaşdığı məkanlardan olan Bərdə eramızdan əvvəl II minillikdən son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Bildirildi ki, 1982-ci ildən fəaliyyət göstərən muzeyin binası 2006-2008-ci illərdə əsaslı təmir edilib və 2009-cu il martın 2-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Muzeydə Bərdənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini əks etdirən 2300 eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu rayonda aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. 
   Əbülfəs Qarayev daha sonra Bərdə şəhərindəki 1 və 4 saylı uşaq incəsənət məktəblərinə baş çəkərək təhsil ocaqlarında yaradılan şərait, dərs vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlandı. 
   Nazir rayon Mədəniyyət mərkəzinin fəaliyyəti ilə də tanış oldu. Mərkəzin "Qarabağ" ansamblı qonaqların qarşısında "Qarabağ şikəstəsi"ni və "Sarı gəlin" mahnısını ifa etdi.
   Qonaqlar həmçinin Bərdə türbəsi ilə tanış oldular. Məlumat verildi ki, orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən biri də 1322-ci ildə inşa edilmiş Bərdə türbəsidir. Abidə dövrün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün tikilən bürcvarı türbələr qrupuna daxildir, yeraltı və yerüstü hissədən ibarətdir. 
   Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verdi.
   
   Fariz Hüseynov