Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir təşkil olunub.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək üzü Dədə Qorquddan bu günə gələn aşıq sənətinin yaşadılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu, ortaq mədəni keçmişdən gələn xalqlarımızın ortaq gələcəyinə doğru yolda mühüm addımdır. Qeyd olunub ki, gələcəkdə belə tədbirlər böyük miqyasda - türk dünyası arealında təşkil edilməlidir.
Gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinlənilib.
Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçi, Azərbaycanın Əməkdar artisti, xanəndə Elnarə Abdullayeva və “Çeşmə” folklor qrupu tərəfindən Aşıq Veysəl, Aşıq Reyhan, Qaracaoğlan, Mahzuni Şərif, Pir Sultan Abdal, Abdulvahid Kuzecioğlu, Aşıq Ələsgər, Aşıq Şəmşir, Neşat Ertaş, Məhəmmədhüseyn Şəhriyarın sözlərinə yazılmış mahnılar, xalq mahnıları, muğamlar ifa edilib. Türkiyəli sənətçini Ankara Dövlət Türk Xalq Musiqisi Ansamblı, Elnarə Abdullayevanı isə "Xaqan" instrumental ansamblı müşayiət edib.