Nə zamandır ki, Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin «Leyli və Məcnun» poeması əsasında tamaşanın hazırlanmasını eşitmişdik. Tamaşanın premyerasına az qalmış yolumuzu teatrdan saldıq ki, bu gün çoxlarının maraqla (görək, «Leyli və Məcnun» dramatik səhnədə necə olur?), bir o qədər də təəccüblə (indi kim «Leyli və Məcnun» tamaşasına baxacaq? Operası var da...) qarşılayacağı tamaşa öncəsi ovqatdan hali olaq.
Birinci heyət ilə məşq başa çatıb... Quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımov aktyorları salona yığıb “proqon” məşq boyu diqqətini çəkən qüsurları sadalayır, bəyəndiyi məqamları qeyd edir. Fikir verirəm, rolunun böyük-kiçikliyindən asılı olmayaraq, bütün aktyorların üzündə ciddi və qayğılı ifadə var. Axı, söhbət Füzulidən gedir. Yenə Şekspir olsaydı, uzaqbaşı sənin çıxışını başqa bir aktyorun performansı, ya da tamaşanı nə vaxtsa başqa teatrda səhnələşdirilmiş əsərlə müqayisə edəcəklər, vəssalam. Amma bu «Leyli və Məcnun»u üzbəüzdəki binada - yüz ildən çoxdur oynanılan eyniadlı opera ilə tutuşdurmayacaqlar ki?
... Bu yerdə quruluşçu rejissorun əvvəlkinə nisbətən bir qədər ucadan danışığını eşidirəm:
- Çox sağ olun, uşaqlar! Siz gedə bilərsiniz. 10 dəqiqədən sonra o biri heyətin məşqi başlayır.
Əslində o biri heyətdə məşğul olan aktyorlar da buradadır. Təzəcə təhvil aldıqları səhnə libaslarında var-gəl edib geyimlərinə alışmağa çalışırlar. Düzü, ikinci məşq başlayanda görəcəyəm ki, birinci heyətin üzvlərinin heç də hamısı dağılışmayıb. Libaslarını dəyişib salonda əyləşərək həmkarlarının çıxışını izləyirlər. Nicat Kazımov ilə fasilədə danışmaq cəhdimiz baş tutmur, quruluşçu rejissor səhnənin arxasında gözdən itir. Bu ara nəzərimizi tamaşanın məsləhətçisi, daha çox əruzşünas kimi tanıdığımız yazıçı İlqar Fəhmi cəlb edir.
...«Dantenin yubileyi» filmindəki məşq səhnəsi yadınızdadır? Eynilə həmin səhnə qurulub salonda. Tamaşa salonundakı ən prestijli cərgənin önündə balaca masa, masanın üstündə stolüstü lampa, çay, qəndqabı, qeyd dəftərçəsi, külqabı... Masanın arxasında tək əyləşmiş İlqar Fəhmi həm darıxmasın deyə, həm də tamaşa ilə bağlı suallarımızı cavablandırsın deyə, ona yaxınlaşırıq. Axı, bir məsləhətçi kimi onun da fikri maraqlıdır: bugünkü tamaşaçı klassik «Leyli və Məcnun»u necə qarşılayacaq? Əsərin dilini başa düşəcəkmi?
- Bəlkə min ildir ki, bizim xalqın gen yaddaşında bu sözlər, indi işlətmədiyimiz ifadələr var. Son 60-70 ili çıxmaqla, bizim şeir dilimiz Füzulinin dili olub. Bu gün çoxluq bu dili tam anlamasa da, beynimizin daxili qatı bunu qavrayır. Tamaşada söylənilənlərin 90 faizini tamaşaçı dəqiq başa düşməyəcək. Amma onun tamaşada eşitdiyi dil - xarici dil deyil. Ulu babalarımız şeir deyərkən nəyi başa düşüblərsə, bu, elə həmin dildir. Əslində insanın ruhuna toxunan tamaşa olmalıdır. Aktyorların ifasına, tələffüzünə gəlincə, görürəm ki, çox işləyiblər, çalışıblar, bir-iki xırda iradım var ki, onları da düzəltmək asandır.
Bu arada quruluşçu rejissor gəlib çıxır. İndi söz demək növbəsi onundur:
- İdeya çoxdan var idi, aktyorlarla fərdi məşqlərə fevral ayından başlamışdıq... İyunda tamaşanın karkası quruldu. Bir qədər məşq edəndən sonra hər kəs düşüncəsində «Leyli və Məcnun» tamaşası ilə məzuniyyətə çıxdı. İndi yenə məşqlərimiz davam edir. Dekabrın 3-də premyeradır. Çox ağır bir işi boynumuza çəkmişik, necə qarşılanacağını heç özüm də təsəvvür etmirəm.
...Fasilə bitdi, məşq başladı. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov da məşqə baxmaq üçün salondadır. Bu gün hər şeyin, o cümlədən də sənətin asanına, rahatına alışmış tamaşaçının «Leyli və Məcnun»u necə «həzm» edəcəyi direktoru da düşündürür. Bir qədər irəli qaçaraq deyək ki, «Leyli və Məcnun» kütləvi ajiotaj doğurmağa hesablanmasa da, hər halda bu tamaşanın xüsusi günlərdə, festivallarda göstərilməyə layiq səhnə əsəri olacağı elə məşqdən bəllidir.
Tamaşanın necə başlayıb, necə davam edəcəyindən danışmaq istəmirik. Onsuz da premyeraya az qalıb. Sadə səhnə quruluşu, rəngli işıq effektlərindən bol istifadə, üstəlik, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Polad Bülbüloğlunun musiqilərinin, Əməkdar artist Elnarə Abdullayeva və gənc xanəndə Mirələm Mirələmovun ifa etdiyi muğam parçalarının fon olaraq səsləndiyi tamaşada teatrın aktyor truppasının böyük hissəsi məşğuldur. Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazımov, Nofəl Vəliyev, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova və başqaları bu tamaşada çıxış edəcəklər.
...Biz də dekabrın 3-nü gözləyirik... Görək, Füzulinin «Leyli və Məcnun»u dramatik teatrda necə təsir bağışlayacaq? Görək, əsas rolları ifa edəcək gənc aktyorlarımız özlərini doğrulacaqlarmı?
Gülcahan Mirməmməd