2000-ci ildən Türkiyədə yaşayıb-yaradan Vahid Novruzov sənətin incəliklərini gənclərə öyrətməyi ömrünün anlamı sayır
Azərbaycan rəssamlarının vətəndən kənarda ən çox yaşayıb-yaratdığı ölkələrdən biri Türkiyədir. Qardaş ölkədə onlarla rəssamımız çalışmaqdadır. Onların çoxu ali məktəblərdə dərs deyir, bilik və bacarıqlarını türkiyəli gənclərə öyrədirlər. Belə yaradıcı insanlardan biri də Vahid Novruzovdur.
V.Novruzov 1961-ci ildə Bakı şəhərində doğulub. Uşaqlıqdan rəsmə maraq göstərib, Bakıxanov qəsəbəsindəki rəsm dərnəyinin üzvü olub. 1986-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1993-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Sənətdə qazandığı uğurlara görə mərhum müəllimi, Xalq rəssamı Hafiz Məmmədova özünü borclu sayır.
V.Novruzov 20 ildən artıqdır ki, müəllimlik fəaliyyətilə məşğuldur. 1995-2000-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. 2000-ci ilin noyabrında dəvət əsasında Türkiyənin Çanaqqala şəhərinə gedib, o çağdan indiyə kimi 18 Mart Universitetinin Gözəl sənətlər fakültəsində rəngkarlıq və heykəltəraşlıq sənətinin sirlərini tələbələrə öyrədir.
Rəssam sənətinin incəliklərini gənclərə öyrətməyi ömrünün anlamı sayır: “Müəllimlik gözəl peşədir. Bildiyini başqasına öyrətmək insanlıq borcudur. Bu, yaradıcılığa da gözəl təsir göstərir. Müəllimliklə yanaşı, ardıcıl olaraq yaradıcılıqla məşğulam. Yerli və beynəlxalq sərgilərin iştirakçısıyam. Bir neçə xarici ölkədə fərdi sərgilərim təşkil olunub. Rəssamlıq və heykəltəraşlıq haradasa ayrı-ayrı sənət sahələri olsa da, mən onların hər ikisini eyni dərəcədə sevirəm”.
Soydaşımız vətənlə əlaqəsini də kəsmir, buradakı həmkarlarının yaradıcılığını yaxından izləyir. Ötən il o, Qəbələdə keçirilən beynəlxalq rəsm sərgisinin iştirakçısı olub.
Hər bir rəssam yaşadığı ölkədən qıraqda da tanınmaq istəyir. Bu, rəssamın özünütəsdiqi üçün geniş imkanlar açır. V.Novruzovun Almaniya, Rusiya, Bolqarıstan, Meksika, Kanada, Kipr, Polşa və Yunanıstanda fərdi sərgiləri keçirilib, əsərləri maraqla qarşılanıb. Rəssam doğulduğu şəhərdə də fərdi sərgisini keçirmək istəyir: “Çox istəyirəm ki, Bakıda sərgim açılsın. Əsərlərimi görməyə soydaşlarımın daha çox haqqı var. Çalışacağam ki, bu ideyamı gerçəkləşdirim”.
Sənətin maddi tərəflərinə gəlincə, müsahibim bildirir ki, tarix boyu rəssamların dolanışığı çətin olub. Deyir ki, sənətçi üçün önəmli olan mənəvi aclığı doyurmaqdır. İnsanlar arasında sənətə zəif münasibətin başlıca səbəbinin maddi problemlərlə bağlı olduğunu deyən rəssam, bunu dünyadakı qanlı savaşlarla da əlaqələndirir. Rəssamın sözlərinə görə, buna baxmayaraq savaşların baş verdiyi çağlarda belə rəssamlar öz yaradıcılıqlarından qalmayıblar. Çətin dövrlərdə ən yaxşı əsərlərini yaradıblar.
V.Novruzov bildirir ki, Azərbaycan rəssamlarına Türkiyədə yüksək münasibət var. Bunun da başlıca səbəbi rəssamlıq sənətimizin güclü olmasıyla bağlıdır. Çağdaş Türkiyə rəssamlığının daha da irəli getməsində Azərbaycan rəssamlarının ayrıca xidməti var.
Görəsən, rəssam özünü sənətdə hansı cərəyana aid edir: “Rəssamlıqdakı bütün cərəyanları və janrları sevirəm. Hər birinin öz gözəlliyi, yeri var. Bununla belə özümü simvolist və impressionistlərə daha yaxın sayıram. Rəssamlığın mənim üçün nə qədər önəmli olduğunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. İstəyim ustadlardan öyrəndiklərimi tələbələrimə çatdıra bilməkdir”.
V.Novruzovun düzəltdiyi heykəllər Türkiyənin bir çox şəhərlərindəki park, meydan və muzeylərdə yer alır. Onun yaratdığı heykəllər içərisində tanınmış alman arxeoloqu Mangred Korfmanın büstü, Türkiyənin “İstiqlal marşı”nın yazarı Mehmet Akif Ersoyun iki heykəli, Türkiyənin ilk tibb bacısı Safiyye Hüseyin Elbinin heykəli, Mustafa Kamal Atatürkün heykəl və barelyefi, məşhur türk rəssamı Fikrət Otyanın büstü və başqa əsərləri öz monumentallığı ilə diqqəti daha çox çəkir.
Soltan