Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və digər) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib.
AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, tədbirdə aşıqlar, musiqiçilər, bəstəkar və musiqişünaslar iştirak edib. Qurumun sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb.
Sonra söz musiqiyə verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi qrup və aşıqlardan əməkdar mədəniyyət işçiləri Samirə Əliyeva, Altay Məmmədli, Əli Tapdıqoğlunun ifalarında aşıq və xalq mahnıları dinlənilib.
Aşıqların və qrup üzvlərinin ifalarına bəstəkar və musiqişünaslar öz münasibətlərini bildiriblər. Bu istiqamətdə axtarışların davam etdirilməsinin vacibliyi qeyd olunub.