Teatrsevər həmkarlarım yəqin təsdiq edərlər ki, iki halda tamaşadan yazı yazmaq çətin olur: tamaşanı həddən artıq bəyəndikdə, bir də heç bəyənmədikdə. İndi bu sətirlərin müəllifi birinci durumdadır. Söhbət ötən şənbə günü (3 dekabr) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası olmuş «Leyli və Məcnun» tamaşasından gedir.
Əməkdar artist Nicat Kazımovun Məhəmməd Füzulinin «Leyli və Məcnun» poeması əsasında hazırladığı ikihissəli faciədə ən diqqətçəkən məqamları bəri başdan vurğulamaq gərəkdir: tamaşada zəif ifa, arxa planda ikən də boş dayanan bir nəfər yox idi. Qeydlərə keçməzdən öncə deməliyik, səhnə əsərində iki-üç epizodik rolu çıxmaqla bütün rolların iki ifaçısı var, biz də yalnız premyerada gördüklərimizin çıxışları barədə fikrimizi söyləyəcəyik.
Üzü Şekspirdən bu yana dünya dramaturgiyasının ən gözəl, ən maraqlı, ən faciəvi səhnə əsərlərinin əsas qəhrəmanları gənclərdir. Üstəlik, müəlliflər öz qəhrəmanlarının öhdəsinə obraz olaraq elə ağır dramaturji yük qoyurlar ki, gənc aktyorlar həmin yükü yaş, təcrübə baxımından daşımaqda çətinlik çəkirlər. Nisbətən təcrübəli aktyor-aktrisa isə həmin rolda, sadəcə, baxılmır. Bu üzdən gənc aktyorlar sənət karyerasının əvvəlindən püxtələşməyə çalışmalı, onlara rol tapşıran rejissor isə həm də pedaqoq-psixoloq missiyasını yerinə yetirməyi bacarmalıdır ki, tamaşa baş tutsun. Düzdür, Füzuli bu poemanı bədii qiraət üçün yazmışdı, amma əgər rejissor «Leyli və Məcnun»u səhnələşdirmək cəsarətindədirsə, deməli, deyilənlərə hazır olmalıdır.
Tamaşada titul rollarda gənc aktyorlar Səbinə Məmmədova və Bəhram Həsənov çıxış edirlər. Səbinə artıq bir tamaşada - «Xortdanın cəhənnəm məktubları»nda (Əbdürrəhim bəy Haqverdiyev) təxminən Leyli taleli bir rol oynayıb. Ürəkaçan haldır ki, onun Leylisi həmin tamaşadakı Gövhərtacına bənzəmədi. Üstəlik, gənc aktrisa Füzuli poeziyasının ən gözəl nümunələrini çox gözəl tələffüz edir, əruzun bəhr tələblərinə riayət edərək, obrazdan çıxmırdı. Leylinin yaşantılarını, faciəsini Qeyslə, valideynləri, rəfiqələri, İbn Səlam ilə səhnələrində eyni səmimiyyətlə çatdıran aktrisa tamaşa boyu bir neçə dəfə salonun alqışını da qazandı.
Qeys-Məcnun rolunun ifaçısı Bəhram Həsənov teatrda indiyədək nəzəri cəlb edəcək bir rol oynamadığı üçün bu tamaşanı onun əsl sənət uğuru hesab etmək olar. Bəhramın teatrın saytındakı portefilosundan görünür ki, onun bir il ərzində daxil olduğu tamaşaların əksəriyyətinə Nicat Kazımov quruluş verib. Bu tamaşada isə onu rejissorun tapıntısı kimi də dəyərləndirə bilərik. Aktyor zahiri görünüşü, çılğınlığı, səsi, ruhu və qəlbi ilə də əsl Məcnun təsiri bağışlayır.
Tamaşada Qeysin atası Axsitan (Kərəm Hadızadə) və Leylinin atası (Elşən Çarhanlı) obrazlarına da rejissor yanaşması maraqlıdır. Çünki bizim indiyədək gördüyümüz eyniadlı operada da, bədii filmdə də daim Məcnunun atası Leylinin atasından daha rəhmdil, övladını daha yaxşı anlayan valideyn kimi göstərilir. Lakin tamaşadakı Axsitan elə öz zəmanəsinin atasıdır: oğlunun aşiqliyini dostları ilə gəzib-dolanmaqla, cariyələrin köməyi ilə ovutmağın mümkünlüyünə inanır. Kərəm Hadızadə Kəbə ziyarəti səhnəsində daha güclü təsir bağışlayır.
Analardan danışsaq, Əməkdar artist Leyli Vəliyevanın Leylinin anası rolundakı hətta orta əsrlər anası üçün belə hədsiz görünən sərtliyini vurğulamaq lazımdır. Olsun ki, bu ifa tərzi - yalnız qızı ölüm ayağında ikən yumşalan ana obrazı tamaşaçını belə bir fikrə yaxınlaşdırır ki, Leylinin sevgisinə qovuşmamasının bir səbəbi zəmanənin güzarı və qaydalarıdırsa, bir səbəbi də qızını az sevən anasıdır. Hər halda könlündən klassik Avropa faciələrini səhnələşdirmək keçən rejissorlar Leyli xanıma diqqət yetirsələr, uduzmazlar. Cənnət Səlimova məktəbini keçmiş bu aktrisa əsl hökmlü, hikkəli hökmdar qadın obrazları yaratmaq üçün yaranıb. Əsərdə heç də az əhəmiyyət daşımayan üç kişi obrazı da var ki, onlar barədə danışmamaq «Leyli və Məcnun» haqqında natamam söz söyləmək olardı: Zeyd, İbn Səlam, bir də Nofəl.
Elnur Kərimovun ifasındakı Zeyd sonadək Qeysə sadiq qalan, onun uğrunda hər cəfaya dözən və tamaşaçını buna inandıran vəfalı dostdur.
Manaf Dadaşovun oynadığı İbn Səlam isə bizim operadan, filmdən mərhəmət sahibi kimi tanıdığımız yumşaq qəlbli bədbəxt ərə heç oxşamır. Əslində, hər hansı kişinin aşiq olub evinə gətirdiyi gəlinə sahiblənmək həvəsindən asanlıqla əl çəkəcəyini gözləmək ağlabatan deyil. Manaf Dadaşovun oynadığı İbn Səlam da Leylinin gəlinlik taxtındakı yalvarışlarını zorakılığın qıza təsir etmədiyinə əmin olandan sonra eşidir və güzəştə gedir. Tamaşaçı bu səhnədə incidilən Leylini həm də taxtın gözəl işləməli şəbəkə başlığının arxasında görür. Və inanır ki, bütün həyatı qızıl qəfəs içində keçən Leyli üçün bu anda qəfəsə sığınmaq, onun üçün ruhunun və vücudunun paklığını qorumaqdan ötrü vacibdir.
Nofəl (Əməkdar artist Elşən Rüstəmov) tamaşada o qədər də çox görünmür. Bununla belə, Elşən Rüstəmov iki epizodda əsl qəhrəman ədaları ilə oynadığı obrazın ruhunun da qolu qədər qüvvətli olduğunu inandırıcı çatdırmaqla tamaşaçılardan alqış qopara bildi.
Aktyor Rövşən Abbasov həm səsi, həm qrimi, həm də duruşu ilə fotoqrafik dəqiqliklə Füzulinin paytaxtımızdakı məşhur heykəlinin canlı oxşarı təəssüratı oyadırdı. Aktrisa Zemfira Əbdülsəmədovanın ifa etdiyi Qarı isə tamaşada ən dolğun epizodik surət sayıla bilər. Təcrübəli aktrisa obraza can vermək üçün öz qabiliyyətini səxavətlə xərcləmişdi.
«Leyli və Məcnun» tamaşasında ayrı-ayrı bəstəkarların irihəcmli musiqi əsərlərindən fraqmentlərin ahəngdar, tamaşanın tempinə, obrazların yaşantılarına uyğun seçilib yığılması (musiqi tərtibatı Kamil İsmayılovundur) əsərin qavranılmasını, hislərə təsirini artırır. Dekorasiyanın yalnız podiumdan, arakəsmə və pərdələrdən ibarət olması həm aktyorların sərbəstliyinə kömək edir, həm də işıqlardan istifadəni asanlaşdırırdı.
Tamaşanın əvvəlində Füzulinin Məcnunun doğuluşundan bəhs edən poetik parçalarının fonunda Qeysin podiumun üstündə tavana bərkidilmiş, məcazi anlamda göylə birləşən dar bir torbadan sıyrılıb çıxması, sürüşkən tramplinin üstü ilə diyirlənib səhnəyə düşməsi artıq dünyaya gəlişi həsrətlə gözlənilən övladın heç də bəxtəvər ömür sürməyəcəyinə işarə idi.
İşıq, səs effektləri ilə zəngin tamaşanın təsir gücünü artıran ən güclü effekt isə Leyli ilə Məcnunun son görüşündə səhnəyə yağışın yağması, bir də tramplindən istifadə idi. Tamaşa boyu Qeys dəfələrlə həmin tramplinlə qalxmağa cəhd göstərir, amma göylərə ucalmaq, ərşü-əlaya çatmaq istəyi uğurla bitmir. Yalnız tamaşanın finalında - artıq dünyasını dəyişmiş baş qəhrəmanlar kəfən misallı bəyaz köynəkdə səhnədə görünəndə həmin tramplin yığılır, işıq dolu pilləkən əl-ələ tutmuş nakam sevgililərin asimana çəkilməsi üçün rahat yol açır.
Bizcə, tamaşanın seyrçilərə ünvanladığı ismarış da elə budur: haqqın dərgahına pak ruhunla yollana bilərsən.
* * *
Təbii ki, bütün tamaşalar kimi «Leyli və Məcnun» da xırda qüsurlardan xali deyil. Bəzi səhnələrdə hərəkətlərin yorucu təkrarı diqqətdən yayınmadı. Əlbəttə, tamaşa repertuarda oturuşunca hadisələrin gedişi lakonikləşəcək, xırda qüsurlar cilalanacaq. Əsas odur ki, qonaq qarşısına çıxarılası, festivallarda milli teatr sənətimizi təmsil edəcək bir tamaşa ərsəyə gəlib və buna görə yaradıcı heyəti təbrik edə bilərik.
Gülcahan Mirməmməd