Milli Kitabxana tərəfindən son on ildə nəşr edilən biblioqrafiyalar AMEA Nizami adına Ədəbiyyat İnstitutuna hədiyyə edilib.
Bu münasibətlə dekabrın 7-də keçirilən tədbirdə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə kitab və kitabxana işinin təşkili və inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Akademik Milli Kitabxananın son illərdə həyata keçirdiyi layihələrdən, elmin, mədəniyyətin tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların əhəmiyyətindən danışıb. İ.Həbibbəyli instituta təqdim olunan biblioqrafiyaların ədəbiyyatımızın təbliğində və tədqiqində böyük rol oynayacağını bildirib.
Milli Kitabxananın direktoru Kərim Tahirov iki qurum arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Ədəbiyyat İnstitutuna təqdim edilən 42 adda 168 nüsxədən ibarət kitablar “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından N.Gəncəvi, Ü.Hacıbəyli, İ.Əfəndiyev, Q.Qarayev, S.Vurğun, B.Vahabzadə, Elçin haqqında biblioqrafik məlumatlar və digər fundamental biblioqrafiyalar, eyni zamanda elm, mədəniyyət və başqa sahələrə aid sahəvi və şəxsi biblioqrafiyalardır.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, professorlar Şirindil Alışanlı, Asif Rüstəmli və digər çıxış edənlər Milli Kitabxana ilə əməkdaşlığın faydasından danışıblar.