“Mən Prezident hakimiyyətini və gördüyüm işləri xalq qarşısında məsuliyyət və ölkənin taleyi üçün məsuliyyət kimi qəbul edirəm. Xalqın mənə verdiyi səlahiyyətləri məhz bu baxımdan - böyük məsuliyyət və öz ölkəsi üçün daha artıq iş görmək imkanı kimi dəyərləndirirəm”.
   “Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür”.
   
   Prezident İlham Əliyevin nitqlərindən seçdiyimiz bu iqtibaslardan birincisi 2011-ci ilə, ikincisi 2016-cı ilə aiddir. Arada beş il zaman fərqi var. Bu müddətdə ölkəmizdə də, ətraf dünyada da çox şeylər dəyişib. Dəyişməyən isə dövlət idarəçiliyi fəlsəfəsi, mənbəyini xalqdan alan hakimiyyət anlayışıdır. 
   Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təməlini qoyduğu siyasi xəttin uzunömürlülüyü də, ilk növbədə, bu məsuliyyət və güvən üzərində təşəkkül tapıb. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətində də bu idarəçilik fəlsəfəsi, ictimai və dövlət maraqlarının müdafiəsi və qarşılıqlı şəkildə uzlaşdırılması hər zaman öndə dayanıb. 
   Ötən müddətdə dövlət orqanlarının fəaliyyətində şəffaflığın tətbiqi istiqamətində görülən işlər də bunun göstəricisidir. 2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilib. 2011-ci il ölkə Prezidentinin müvafiq fərmanına əsasən dövlət orqanları öz fəaliyyət sahələrində elektron xidmətlər təşkil ediblər və bu xidmətlərin “bir pəncərə” sistemi - www.e-gov.az vahid elektron hökumət portalı yaradılıb.
   
   Vətəndaş müraciəti - məmur diqqəti 
   
   Ölkə başçısı tərəfindən vətəndaşların müraciətlərinə, insanların müxtəlif məsələlərlə bağlı arzu və təkliflərinə daim diqqət ayrılır. 2015-ci ildə qəbul olunan “Vətəndaşların müraciətləri haqqında” qanun məmur-vətəndaş münasibətlərinə yeni impuls qazandırıb. Prezident öz çıxışlarında ictimai rəyin dövlət qurumları və yerli idarəetmə təsisatlarının fəaliyyəti üçün vacibliyini vurğulayır: “Biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır”. 
   Onu da qeyd edək ki, son dövrlərdə ölkə başçısı tərəfindən cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, həmçinin Prezidentin vətəndaşlara üzləşdikləri problemlər barədə çəkinmədən ona yazmaq çağırışı etməsi ictimai rəydə geniş rezonans doğurub. İnsanlar görürlər ki, neqativ hallara qarşı mübarizə birbaşa dövlət rəhbərinin nəzarəti altında aparılır və bu onları ictimai maraqların müdafiəsində daha fəal və təşəbbüskar olmağa sövq edir.
   Prezident bununla bağlı ictimai nəzarətin zəruriliyini xüsusi qeyd edir: “İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gələ bilmərik. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır”.
   Dövlət başçısının “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli fərmanı da bu aspektdən qiymətləndirilməlidir. Sistemdə qaldırılan məsələnin mövzusu, məzmunu və digər parametrlər üzrə axtarışın aparılması, müraciətlərin icra müddətlərinə nəzarət, təhlil və statistika işi avtomatlaşdırılıb.
   Bununla yanaşı, Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri 2013-cü ildən başlayaraq hər ay şəhər və rayonlarda vətəndaşları qəbul edirlər. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məlumatına görə, təkcə 2015-ci ildə keçirilən qəbullarda 67 şəhər və rayondan 11 mindən çox vətəndaşın müraciətinə baxılıb, onların bir çoxu operativ həll edilib, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılıb. 
   Əhali ilə birbaşa ünsiyyət müvafiq dövlət orqanları üçün öz işini, imkan və perspektivləri qiymətləndirmək baxımından da əhəmiyyətlidir. Qəbullarda səslənən ictimai əhəmiyyətli təkliflər onların fəaliyyəti üçün əlavə konturlar açır. Məsələn, ötən müddətdə mədəniyyət və turizm naziri tərəfindən vətəndaşlarla 40-dan çox belə görüş keçirilib. Hər görüş isə problem və qayğıların diqqətə çatdırılması ilə bərabər həm də müvafiq sahə ilə bağlı təkliflər, təşəbbüslər deməkdir. Nazir Əbülfəs Qarayev bununla bağlı deyir: “Keçirdiyimiz görüşlərdə vətəndaşlar tərəfindən mədəniyyət ocaqlarının fəaliyyətinin yaxşılaşdırılması, mədəni irsin qorunması, turizm sahəsi ilə bağlı maraqlı təkliflər irəli sürülür. Bu bir daha təsdiq edir ki, insanlar yerlərdə mədəniyyət və turizmin inkişafına həssaslıqla yanaşır, problemlərin həlli ilə üçün təşəbbüskarlıq göstərirlər”. 
   
   ASAN həyat və dövlət funksiyalarının ictimailəşməsi
   
   O da qeyd olunmalıdır ki, vətəndaşlar tərəfindən istər dövlət başçısına ünvanlanan, istərsə də dövlət və icra hakimiyyəti qurumlarına göndərilən və qəbullarda səsləndirilən müraciətlərdə sosial qayğıların, şikayətlərin azalması tendensiyası özünü göstərir. Bu, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ictimai əhəmiyyətli tədbirlərin nəticəsidir. Bu xüsusda 2013-cü ildə Prezidentin təşəbbüsü və dəstəyi ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - “ASAN xidmət”in müstəsna rolunu qeyd etmək lazımdır. Ötən dövrdə Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə Qəbələ və Masallıda ümumilikdə 11 “ASAN xidmət” mərkəzi istifadəyə verilib və bu təsisatlar milyonlarla insanın həyatını sözün həqiqi mənasında asanlaşdırıb. “ASAN xidmət” ölkə hüdudlarından kənarda da ən müasir ictimai layihə və Azərbaycan brendi kimi tanınıb. Prezident İlham Əliyev sentyabrın 3-də “Masallı “ASAN həyat” kompleksinin açılışında bu barədə deyib: “ASAN xidmət” yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Əslində cəmiyyətdə “ASAN xidmət”in mövcudluğu yeni bir davranış qaydalarını ortaya qoyur. Bu mərkəzlərin yaradılması ölkəmizin siyasətini göstərir”.
   Artıq “ASAN xidmət”, sadəcə, çoxşaxəli xidmət təsisatı deyil, dövlətin mühüm sosial funksiyalarının icraçısına çevrilməkdədir. Prezidentin bu yaxınlarda imzaladığı fərmanla “ASAN xidmət” tabeliyində ailə biznesinin təşviqi məqsədilə “ABAD” publik hüquqi şəxsin yaradılması buna misaldır.
   Publik hüquqi şəxs anlayışından söz düşmüşkən, Azərbaycanda 2016-cı ildən tətbiq edilən bu idarəçilik yeniliyi barədə bir neçə məqamı vurğulamaq istərdik. 2015-ci ilin dekabrında qəbul olunan qanunda qeyd edildiyi kimi, publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, amma dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Başqa sözlə, dövlət və yerli özünüidarə sistemində bir sıra ictimai və sosial əhəmiyyətli funksiyaların bu qurumlara verilməsi həmin funksiyaların daha səmərəli həyata keçirilməsini təmin etməlidir.
   Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev qeyd edir ki, publik hüquqi şəxs doktrinası bizim üçün yeni olsa da, bir çox Avropa ölkələrində ötən əsrdən tətbiq olunmağa başlanılıb: “Dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, pullu xidmət göstərə bilməz. Amma iqtisadiyyat inkişaf etdikcə yaranan qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Publik hüquqi şəxs doktrinası bununla bağlı qarşıya çıxan suallara cavab verir”. 
   İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar (məsələn, dəmir yolu korporasiyaları) publik hüquqi şəxslərdir. Ş.Əliyevin fikrincə, publik hüquqi şəxs ölkəmiz üçün də yeni imkanlar yaradır ki, idarəçilik sisteminin üzvi hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin.
   Azərbaycanda 44 dövlət orqanının əsasnamələrində yazılıb ki, onlar ya mərkəzi icra hakimiyyəti orqanıdır, ya da onların statusu mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulur. Amma onların bir qismi, əslində, icra hakimiyyəti funksiyalarını deyil, xidmət funksiyalarını həyata keçirir. Prezidentin noyabrın 24-də imzaladığı fərmana əsasən, daha 10-dək dövlət qurumu və icra hakimiyyəti orqanı (Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Nəqliyyat Agentliyi və s.) 2017-ci ildən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.
   
   Konstitusion dəyişikliklərdə ictimai və dövlət maraqları
   
   Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ictimai və dövlət maraqlarının daha effektiv nizamlanması istiqamətində aparılan hüquqi islahatlar kontekstində 2016-cı ilin 26 sentyabrında keçirilmiş referendumun əhəmiyyətini ayrıca qeyd etmək lazımdır. Bu xüsusda Konstitusiyanın 29 maddəsinə edilən əlavə-dəyişikliklərdən biri üzərində dayanmaq istərdik. Referendumda Konstitusiyanın 29-cu (Mülkiyyət hüququ) maddəsinə iki müddəa əlavə edilib: “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” və “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”. 
   Sözügedən müddəalar iqtisadiyyatın sosialyönümlülüyü məsələsində dövlətin daşıdığı məsuliyyətin cəmiyyətlə bölüşülməsini ehtiva edir. Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Rövşən Rzayevin sözlərinə görə, mülkiyyətdən yaranan bu vəzifə hələ qədim Romada mövcud idi. Məsələn, kiminsə torpağa mülkiyyətinin tanınması üçün həmin torpaq mülkiyyətçi tərəfindən azı 2 il ərzində faydalı (sosial ehtiyaclar üçün) istifadə edilməli idi. Torpaq üzərində sosial vəzifələr bu gün Avropa ölkələrinin konstitusiyalarında geniş əksini tapıb.
   Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da mülkiyyət hüququ məhkəmə qaydasında (qanuni səbəb olduqda və müvafiq kompensasiya ödənilməklə) məhdudlaşdırıla bilər. Digər tərəfdən, deyək ki, torpaq xüsusi mülkiyyətdədir, lakin təyinatı üçün istifadə olunmur, sosial maraqlara xidmət etmir. 90-cı illərin torpaq islahatından sonra yerlərdə bir çox imkanlı insanlar yüzlərlə hektar torpağın mülkiyyətçisinə çevrilib və həmin ərazilər illərdir “dincə qoyulub”. Halbuki aqrar sahənin inkişafında, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında istifadə oluna bilər. Dövlət indiyədək o şəxslərin ictimai faydasız mülkiyyət hüququnu məhdudlaşdıra bilmirdi. Konstitusiyanın müvafiq maddəsinə edilən əlavələr artıq buna imkan verir və torpağa mülkiyyətin sosial öhdəliklərlə yüklənməsinə hüquqi əsas yaradır. Bu məsələdə ictimai və dövlət maraqları, əslində, üst-üstə düşürdü və ictimaiyyətin dəstəyi (referendumda səsi) ilə konstitusion müstəvidə həllini tapmış oldu.
   
   Vüqar Əliyev 
   
   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur