Dekabrın 6-da Səməd Vurğunun ev-muzeyində böyük şairin anadan olmasının 110, vəfatının 60 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Muzeyin direktoru Nüşabə Vəkilova şairə bəslənən ümumxalq məhəbbətindən söhbət açıb, onun yubileyinin ölkəmizin hüdudlarından kənarda da qeyd olunduğunu diqqətə çatdırıb.
Vurğunşünas alim Aslan Salmansoy S.Vurğun poeziyasının sadə olduğu qədər dərin, dərin olduğu qədər də bəşəri mahiyyət daşıdığını deyib. Şairin “İnsan” mənzum dramında yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideyalar ilə yaşayan insanlarının baxışlarının yer aldığını söyləyən alim həmin pyesdə onun qoyduğu “Qalib gələcəkmi cahanda kamal?” - dərin bəşəri, fəlsəfi, ritorik sualının bu gün və gələcək zamanlar üçün də aktual olaraq qaldığını vurğulayıb.
Professorlar Məmməd Əliyev, Aida Feyzullayeva, Tamara Şərifli, İradə Yusifova, Mərcan Sofiyeva, şairlər Oqtay Rza, Zaməddin Ziyadoğlu və başqaları S.Vurğunu təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, ictimai xadim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi kimi xarakterizə ediblər.
Bildirilib ki, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən şair bir sıra xarici ölkələrdə səfərlərdə olub. 1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olub, konqresdən qayıtdıqdan sonra şair “Zəncinin arzuları” poemasını yazıb. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun “Avropa xatirələri” adı ilə çap etdirib.
Tədbir çərçivəsində vurğunşünas alim A.Salmansoyun şairin anadan olmasının 110 illiyinə həsr etdiyi “Səməd Vurğun xatirələrdə” kitabının da təqdimatı keçirilib. Kitab “Xan” nəşriyyatında “Xatirə ədəbiyyatı silsiləsindən” çap olunan 26-cı kitabdır.