Şamil Süleymanlı: “Həqiqət 380 volt gərginlikdir, gözəl yalanlar isə ondan qorunmaq üçün bir əlcəkdir”
   
   Bu il yeni filmlər baxımından Azərbaycan kinematoqrafiyası üçün məhsuldar oldu, bir neçə maraqlı ekran əsəri tamaşaçılara təqdim olundu. Onlardan biri də bu yaxınlarda təqdimatı keçirilən “Ölüm növbəsi” filmidir. Rejissor Fikrət Əliyevin bu filmində hadisələr, onun əvvəlki ekran əsərlərində - “Baladadaşın məhəbbəti”, “Yuxu”, “Qızıl uçurum” filmlərində olduğu kimi, Abşeron kəndlərində, bu kəndlərin rəngarəng xarakterli insanları ətrafında cərəyan edir. Qəhrəman da həminkidir - Şamil...
   Filmdə baş rolu, öz adaşını oynayan aktyor Şamil Süleymanlı ilə “Ölüm növbəsi”ndən və ümumilikdə kinodan danışdıq.

   
    - Axır ki, Şamil Süleymanlı uzun müddətdən sonra böyük filmdə baş rollardan birinə dəvət aldı. Rejissor Fikrət Əliyevin “Baladadaşın ilk məhəbbəti”, “Qızıl uçurum” filmlərindən sonra “Ölüm növbəsi”ndə əhvalatlar Şamilin iki illik yuxudan oyanışı ilə başlayır. Yağış yağır və kəndə xəbər yayılır ki, Şamil kişi oyanıb...
   - Yağış simvol olaraq təmizlikdir. İnsanlar korlanıblar, hamı bir-birinə pislik eləyir, heç kimə etibar yoxdur. Yuxudan ayılan Şamil kənd sakinlərinin bütün sirlərindən agahdır. Fikrət Əliyevin digər filmlərində olduğu kimi, bu filmin də yalnız maketi Abşerondur. Bu hadisələri başqa məkanların fonunda da göstərmək olar. Ekranda gördüyümüz hər şey yuxudur. Bu film insanı yaşamağa səsləyir.
   - Yaşmağa səsləyən filmin adı isə “Ölüm növbəsi”dir?
   - Ölüm sözünü həmişə “nöqtə”, “son” kimi anlayırlar. Əgər ruhun çəkisi tapılıbsa, deməli, bu, dini məsələ deyil. Yaşamağa səsləyən - əlində Leninin qırmızı oraq-çəkicli bayrağı irəlidə gedənlərdən bəhs edən filmlərə başqa cür baxırdıq. Bu dünyada ayrılıq, ölüm, ölüm növbəsi var. Hamı öləcək. “Yaxşılıq edin” deyən film, əlbəttə, yaşamağa səsləyir. Fikrət Əliyevə “bir kəndin yükünü daşıyan Şamil obrazını qabartmaq lazımdır” dedik. Amma rejissor bildirdi ki, bu lazım deyil, film Şamildən yox, sadəcə ölüm növbəsindən bəhs edir.
   - Filmdə hadisələr təsvirdən çox sözlə ifadə olunur. Yəni hadisələr əsasən sözdə açılır. Kinematoqrafiyada isə təsvirin imkanından maksimum istifadə etmək lazımdır...
   - Şamilin dama çıxması, yağan yağış, kütlənin axını - bunlar təsvirin nümayiş etdirdiyi hadisələr idi. Şamil oyanır və öz missiyasını yerinə yetirir. Mənə elə gəlir ki, bu filmdə sözçülük yoxdur.
   - Kinoda üç dəfə Şamil obrazını oynamısınız: “Evlənmək istəyirəm” filmi, Almaniyada çəkilmiş qısametrajlı “Şamil” filmi və indi də “Ölüm növbəsi”ndəki Şamil. Bu Şamillər arasındakı fərq nədədir?
   - “Evlənmək istəyirəm” filmindəki Şamili hamımız tanıyırıq. Hacı Kamyabın qızını istəyən papaqçı Şamil. İkincisi xaricdə yaşayan, vətən həsrətində olan, Allahın kölgəsinə sığınan Şamildir. Biri də “Ölüm növbəsi”ndəki Şamil...
   - Bizi də elə bu Şamil düşündürür. Sonuncu Şamil məsləhət verən, müdrik bir insandır...
   - Dünyada bütün yaxşı, ağıllı sözləri deyiblər. Bundan sonra yeni heç nə deyilməyəcək. Təzə nə isə demək istəyirsənsə, sadəcə vergülün, nöqtənin yerini dəyişmək lazımdır. Məgər insan bilmir ki, yaxşı olmaq lazımdır, bu dünyada ölüm var? Guya hamımız bilmirik ki, dərdlərin ən böyüyü nədir? Elə buna görə “Ölüm növbəsi” filmində Fikrət Əliyev hansısa bir rolu yükləmək istəmədi. Filmdəki pritçaların hamısının nöqtəsi var. Şamilin, bərbərin və s. nöqtəsi var. Kənddə bir yox, dörd-beş hadisə baş verir. Rejissor da bu hadisələrin baş verdiyi kəndi filmdə göstərib. Şamilin yuxusu olmasaydı, film çox primitiv olardı. Bu bir nağıldır. Nağılda isə eyib axtarmazlar.
   - Biz filmdə qüsurlar axtarmırıq. Maraqlı film haqqında daim danışılır və müzakirə olunur...
   - Vaxtilə Fikrət Əliyevin “Baladadaşın ilk məhəbbəti” filminə baxdıqdan sonra deyirdilər ki, filmdə Baladadaş yoxdur. Üstündən 37 il keçib, indi də deyirlər, filmdə heç nə yoxdur, yalnız Baladadaş var. “Ölüm növbəsi”ndə bu günün pafosu axtarılır. Film insanlara başa salır ki, bu dünyada ölüm, xeyir və şər var. Filmdə baba-nənə kimi “biri vardı, biri yoxdu” deyərək nağıl danışsaydıq, bizə gülərdilər. Məncə, bunun variantı hadisələri yatıb yuxuda görmək idi.
   - “Baladadaşın ilk məhəbbəti”ndə nakam sevgi yaşadınız. “Bəyin oğurlanması” filmində kinoçəkənlərin köməyi ilə sevginizə qovuşdunuz. “Ölüm növbəsi”ndə yuxudan ayılıb insanlara bu dünyada ölüm olduğunu yada saldınız...
   - “Ölüm növbəsi” səmimiyyətdən bəhs edir. Bu gün alqışı da deməyi bacarmayan insanlar var. “Ölüm növbəsi” alqış da, qarğış da etməyi öyrədən bir filmdir. Sözün ağırlığı var, hər sözü deməzlər. Əyri əyləşənə “düz otur” deyəndə xətrinə dəyər. Bu film də belədir - “Özünüzü yığışdırın” deyir. İstər-istəməz inciyəcəklər. Filmdə fərd olaraq heç kəs günahlandırılmır. Göstərilir ki, hamımız günahkarıq.
   - Bəs filmdə Şamilin günahı nə idi?
   - Şamilin günahı nə idi? Filmdə bir-birini sevən oğlanla qız qalxır göyə, yəni hamıdan qaçıb göydə qovuşurlar. Ardınca Şamili də öldürürlər. Şamil öz işini görür, sevgililər qovuşur. Filmin finalında Şamili basdırırlar, amma gəlib Şamili evdə yatmış görürlər. Deməli, bu dünyada heç kim öz missiyasını yerinə yetirməmiş ölmür. Şamilin də öz missiyası var idi. O bu missiyasını yerinə yetirəndən, yuxusunu danışandan, ölüm növbəsini deyəndən sonra rahatca dünyadan çıxıb gedəcək. Əgər filmin adı “Şamilin yuxusu” olsaydı, onda hamı hər şeyi biləcəkdi. Şamil hamının bilmədiyini bilirdi. Filmdə ən çox xoşladığım bir yer var. Şamil qəbir daşı düzəldən kişiyə deyir ki, gəlininin qızıllarını qardaşının “alkaş” oğlu götürüb: “Qızılları başqa yerdə axtarma. O götürüb, indi də xəcalət çəkir. Get, sakitcə ona de, qaytaracaq”. Bilirsiniz, yaxşı adam çörək paylayan, mal verən kəs deyil. Əsl yaxşı adam xəcalət çəkəni xəcalətdən qurtarandır. İnsanı borcdan qurtarmaq böyük şeydir. Söhbət pul borcundan getmir. Fikrət Əliyev də cavan vaxtında “Baladadaşın məhəbbəti”ni, ailə qurandan sonra “Qızıl uçurum”u, ardınca “Yuxu” və baba olduqdan sonra “Ölüm növbəsi”ni çəkdi.
   - Bəs sizcə, bundan sonra nə çəkəcək?
   - Bu barədə də danışmışıq. Komediya çəkəcək.
   - Bütün olanlara gülmək? Yaxşı mənada.
   - Komediya çox böyük sənətdir. Son zamanlar gözəl yalan danışanlar var. Bunu özümdə də hiss etmişəm. Həqiqət 380 volt gərginlikdir. Gözəl yalanlar isə həmin gərginlikdən qorunmaq üçün bir əlcəkdir. Bütün bunların fonunda gopçu rolunu oynamaq istəyirəm.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar