“Kaspi” qəzetinin 135 illik yubileyi qeyd olunacaq
Dekabrın 9-da Bakı Əyləncə Mərkəzində “Kaspi” qəzetinin nəşrə başlamasının 135 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan “Kaspi” qəzeti 1881-ci ildə rus dilində nəşrə başlayıb. 1897-ci ildən milli mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan “Kaspi”yə görkəmli siyasi xadim, hüquqşünas, publisist Əlimərdan bəy Topçubaşov baş redaktor təyin olunub. Qəzetdə Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov və digər görkəmli maarifpərvər ziyalılar fəaliyyət göstərib. Qəzetin rus dilində nəşr olunması çarizmin əsarətində olan xalqımızın problemlərinin yüksək dairələrin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
1907-ci ilə kimi «Kaspi»nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. 1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı “Kaspi”nin Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində yerləşən mətbəəsi yandırılıb və qəzetin nəşrində fasilə yaranıb.
1919-cu ildə nəşri dayandırılan “Kaspi”nin 40 ilə yaxın dövr ərzində on mindən çox nüsxəsi işıq üzü görüb, ölkəmizin ictimai-siyasi həyatı qəzetin səhifələrində geniş şəkildə işıqlandırılıb.
Müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mətbuatı özünün inkişaf mərhələsinə qədəm qoydu, bu sahə dövlətin hərtərəfli qayğısı ilə əhatə olundu. Prezident İlham Əliyevin himayəsi ilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazası daha da gücləndirildi, azad mətbuatın, fikir plüralizminin inkişafı istiqamətində mühüm addımlar atıldı. Media və qəzetçiliyin inkişafına stimul verən bu diqqət və qayğı mətbuat salnaməmizə yeni-yeni adların əlavə olunmasına, elektron informasiya agentliklərinin yaranmasına vəsilə oldu. Bu münbit şərait, eyni zamanda mətbuatımızın keçmiş mütərəqqi örnəklərini yenidən bərpa etməyə, mədəniyyət tariximizi zənginləşdirməyə geniş meydan açdı.
1999-cu ildə, 80 ildən sonra istedadlı yazıçı, şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın təşəbbüsü ilə «Kaspi» qəzetinin fəaliyyəti bərpa olundu.
Hazırda gündəlik Azərbaycan və rus dillərində nəşr olunan qəzet respublikamızda ictimai-siyasi, mədəni sahələrdə gedən inkişafı yaxından izləyir, proseslərə öz baxışını ortaya qoyur. Qəzetin ayrıca ədəbiyyat, teatr, gənclik əlavələrinin nəşr olunması onun müasir mətbuat salnaməmizdə yerinin və sanbalının daha bir göstəricisidir.
“Kaspi” qəzetinin kollektivini yubiley münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.