Xəbər verildiyi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonuna səfər zamanı Quzanlı qəsəbəsində Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
Cəbhəyanı bölgədə yeni mədəniyyət ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək.
İnşaat işlərini həyata keçirəcək “Azəraqrartikinti” ASC-nin sədri Ağalar Vəliyevin bildirdiyinə görə, Muğam mərkəzi üçün rayon İcra Hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında böyük torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək.
Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq. Xalqımızın zəngin milli-mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə də ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.