Tərtər. MKS-nin Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Çıxışlarda ulu öndərin həyat və fəaliyyəti, dövlətçilik yolu və Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən söz açılıb. Məktəblilər dahi siyasətçiyə həsr olunmuş şeirlərdən parçalar söyləyiblər. Sonda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” başlıqlı sərgiyə baxış olub.
   
   Ağcabədi. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin şagirdləri üçün ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayişinə başlanılıb. İlk olaraq “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin şagirdləri üçün “Xalqa bağışlanan ömür” sənədli filmi nümayiş etdirilib. 

   Bərdə. Mədəniyyət mərkəzində Mədəniyyət və Turizm şöbəsinin 2016-cı ilin yekunlarına həsr olunan seminar-müşavirə keçirilib. Şöbənin müdiri İlyas Hacıyev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin noyabrın 30-da rayonda yerləşən mədəniyyət ocaqlarına baş çəkməsini, verdiyi tapşırıq və tövsiyələri seminar müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Tədbir Əyricə kənd mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin konserti ilə başa çatıb.
   
   Masallı. Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova və digər çıxış edənlər əlamətdar günün tarixindən, ölkəmizdə əlillərə dövlət qayğısından söz açıblar. Rayon Mədəniyyət mərkəzinin incəsənət kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.  

   Qazax. MKS-nin şəhər 1 saylı kitabxana filialı Mehdi Hüseyn adına Humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin müəllimi Rəna Əmirova və 2b sinfinin şagirdləri ilə birlikdə “Kitabları sevirik” adlı tədbir keçirib. Uşaqlara “Sehrli dünya”, “Göy qurşağı”, “Dilimizi öyrənirik” jurnal, kitabça və elektron nəşrlər təqdim olunub.
   
   Quba. MKS-nin Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Şıxəmməd Seyidməmmədovun “Nur yolu” adlı kitabının təqdimatı keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov nəşr haqqında məlumat verib. Bildirib ki, kitabda Azərbaycan Respublikasında aparılan təhsil islahatı sayəsində qazanılan nailiyyətlərdən, həyata keçirilən tədbirlərdən bəhs edən oçerklər toplanıb.