Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar təşkil edib.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, seminarları tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov keçib.
Seminarlarda müsabiqə iştirakçılarına kinoda ssenarinin əhəmiyyətindən danışılıb. Ekspertlər filmin uğurlu alınması, bugünkü tələblərə cavab verməsi və dünya arenasında tanınması üçün ssenarilərin vacib əhəmiyyət daşıdığını qeyd ediblər.
Müsabiqə iştirakçılarının mövzu ətrafında təklifləri dinlənilib, sualları cavablandırılıb.