Hindistanın V Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən “Dərs” və “Onun atası” bədii filmləri nümayiş olunub. Festival 3-9 dekabr tarixində Nyu-Delhi şəhərində keçirilib.
   “Dərs” tammetrajlı bədii filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
   Film Rusiyada 25-ci “Kinoşok”, Belarusda 23-cü “Listapad” festivallarının mükafatlarına layiq görülüb.
   “Onun atası” bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir. Ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
   Baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar. 
   
   * * *
   Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi isə Bolqarıstanda keçiriləcək 8-ci “Sofia MENAR” beynəlxalq festivalına dəvət alıb.
   “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festival yanvarın 12-dən 29-dək Sofiya şəhərində keçiriləcək.
   Azərbaycan filmi ilk dəfə bu festivalda iştirak edəcək. Festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddialı audiovizual əsərləri ilə tanış edir.
   
   Lalə