Xəbər verildiyi kimi, Lənkəran Dövlət Dram Teatrının truppası dekabrın 1-dən 7-dək İranın Rəşt şəhərinə qastrol səfərində olub. Kollektiv iranlı müəllif Bəhram Beyzayinin “İlan Sultan” əsəri əsasında tamaşanı altı gün yerli teatrsevərlərə nümayiş etdirib.
   Teatrın direktoru Tofiq Heydərovla görüşüb səfər təəssüratını öyrəndik. Həmsöhbətim bildirdi ki, qastrola məhz bu tamaşanı aparmaları səbəbsiz deyildi.
   - “İlan Sultan” əsəri teatrımızın səhnəsində ötən ilin dekabrında iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluşunda tamaşaya qoyulub. Bu ilin yanvarında isə biz bu tamaşa ilə İranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində Təbriz və Məşhəd şəhərlərində çıxış etdik. Tamaşa böyük maraqla qarşılandı. Bizə festivalın diplomu təqdim olundu. Tamaşaya quruluş verən Xeyrullah Təğiyənipur isə “Ən yaxşı rejissor işi” nominasiyasının qalibi oldu.
   Qastrol ərəfəsində iranlı həmkarlarımızla danışıqlar aparılarkən onlar “İlan Sultan” tamaşasını bir daha gətirib oynamağımızı xahiş etdilər. Biz də məmnuniyyətlə həmin tamaşa ilə 6 gün Rəşt şəhərində çıxış etdik. Səfər müddətində truppamız həmçinin Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən” tamaşası ilə Rəşt şəhərində keçirilən “Meydan tamaşaları” festivalına qatıldı.
   - Teatrın cari mövsümdəki yaradıcılıq işləri barədə nə deyərdiniz?
   - Biz 126-cı mövsümə sentyabrın 24-də Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası ilə başlamışıq. Tariximizdən bəhs edən səhnə əsərinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Noyabrın əvvəllərində isə Yuğ Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin “Hacı Qara” komediyasının tamaşasını sənətsevərlərə təqdim etdik. Bir müddət öncə teatrımızın quruluşçu rejissoru Adil Zeynalov Abdulla Şaiqin “Qoç Polad” əsəri üzərində işini başa çatdırıb. Hazırda teatrda paralel olaraq daha iki səhnə əsərinin - italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə” və H.Andersenin “Qar kraliça” əsərləri üzərində də iş gedir. Mövsümdə həmçinin daha bir neçə əsərə müraciət etməyi nəzərdə tutmuşuq.
   Fəaliyyətimiz bunlarla bitmir. Vaxtaşırı qonşu Lerik, Yardımlı, Masallı, Cəlilabad, Astara rayonlarında qastrolda oluruq. Lənkəran Dövlət Universitetinin müəllim və tələbə kollektivləri ilə isti münasibət qurmuşuq. Onlar mütəmadi olaraq teatrımızın yeni tamaşalarına böyük həvəslə gəlib baxırlar.
   - Sizin həvəskar teatr kollektivlərinə hamilik köməyinizdən də danışırlar...
    - Bir neçə ildir ki, qonşu rayonlarda fəaliyyət göstərən xalq teatrlarını hamiliyə götürmüşük. Bu köməklik həm də Mədəniyyət və Turizm Nazirliyinin qarşımızda qoyduğu vəzifələrdən irəli gəlir. Mütəmadi olaraq bölgədəki həvəskar kollektivlərin üzvləri ilə görüşür, tamaşaların hazırlanmasında onlardan məsləhətlərimizi əsirgəmirik. Bu kollektivləri geyim, əlbəsə və digər vəsaitlərlə də təmin etməyi boynumuza götürmüşük. Müştərək əlaqələrimizin bəhrəsi olaraq bu yaxınlarda Cəlilabad rayon Xalq teatrı öz tamaşaçılarına M.F.Axundzadənin “Hacı Qara” komediyasını təqdim etdi. Biz bundan sonra da bölgənin xalq teatrlarına və dram kollektivlərinə hamilik köməyimizi davam etdirəcəyik.
   
   Ağaddin Babayev
   Lənkəran