Paytaxtda Yeni il ərəfəsində növbəti xeyriyyə yarmarkası davam edir
   
   Dekabrın 3-də paytaxtın Fəvvarələr meydanında “Nargis Fund”un rəhbərliyi və “Amapola Exclusive Events”in təşkilati dəstəyi ilə növbəti “Soyuq əllər - isti ürək” xeyriyyə yarmarkası açılıb.
   Artıq 4-cü ildir təşkil olunan yarmarka ilə tanış olmaq üçün həmin məkana yollandıq. Yarmarkaya paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqları böyük maraq göstərir. Bu il iştirakçı şirkətlərin sayı artıb, yarmarkanın ərazisi genişlənib.
   Fəvvarələr meydanındakı kiçik taxta evlərdə Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat, bir sözlə, bəyəndiyiniz hədiyyələri alaraq ehtiyacı olan çoxlu sayda uşaqlara sevinc bəxş edə bilərsiniz. Çünki satışda müxtəlif şirkətlərin məhsulları ilə yanaşı, internat məktəbləri şagirdlərinin hazırladığı məmulatlar da təqdim olunur.
   Tanınmış şəxslərlə görüşlər, sevimli ifaçıların çıxışları, rəngarəng suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, çoxsaylı əyləncələr yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərinə unudulmaz anlar yaşadır. Burada quraşdırılan yolka da balacaların əyləncəsinə əyləncə qatır. Eyni zamanda insanlar hər gün saat 12-dən axşam saatlarınadək səsləndirilən Yeni il hitlərini dinləyib, əyləncələrə qoşula bilərlər.
   Burada bir neçə paytaxt sakininin fikirlərini öyrəndik. Fərhad Məmmədov ailəsi ilə birlikdə yarmarkada nümayiş olunan suvenirlərə maraq göstərdiklərini deyir: “Ötən il də burada yarmarka təşkil olunmuşdu. Artıq ikinci dəfədir ki, bu xeyriyyə tədbirinə qoşuluruq. Uşaqlar üçün daha maraqlı və əyləncəli olur. Qızımız üçün bir kitab, bir də suvenir almışıq. Hər bayramda bu cür yarmarkaların təşkil olunmasını istərdim. Belə aksiyalar həm imkansız uşaqlar üçün köməklik, həm də maraqlı əyləncə deməkdir”.
   Paytaxtımızda qonaq olan türkiyəli turist Zeynəb Ufuk Bakının Yeni ilə coşqu ilə hazırlaşdığını deyir: “Bura möhtəşəmdir. Çox rəngli və çox da gözəldir. Hələlik bir şey almamışıq. Çünki buraya indicə gəldik. Amma Bakıdan xatirə bir şeylər alıb aparacağam”.
   Kitab satıcısı Aydın Hüseynəliyev Bakıda bu cür yarmarkaların tez-tez açılmasını arzu edir: “Xeyriyyə yarmarkasıdır. Bakıda bir neçə ildir ki, Yeni il ərəfəsində bu cür kampaniya təşkil olunur. Bunun gələcəkdə də davamlı olmasını istərdim. İnsanlar əylənir, bayramın yaxınlaşdığını hiss edir. Mən nağıl kitabları satıram. Alıcılarımız da kifayət qədərdir”.
    “Soyuq əllər - isti ürək” xeyriyyə yarmarkasında könüllülər də fəaliyyət göstərir. 30-dək gənc qonaqlara bələdçilik edir. Samirə Mehdiyeva vətəndaşların məlumatlandırılması, onlara yardım məqsədilə burada könüllü olaraq çalışdıqlarını deyir.
   Qeyd edək ki, yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. Azərbaycan Beynəlxalq Bankı, “Amapola Exclusive Events”, “Caspian Drilling Company”, SEBA (Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), “Azərişıq”, “Elevatione”, “Norm”, “Fresh Catering” xeyriyyə tədbirinin sponsorlarıdır. 
   
   Fariz Hüseynov