Dekabrın 10-da Polşanın Vrotslav şəhərində “European Film Awards” mükafatlarının təqdimat mərasimi keçirilib. Mükafat Avropa Film Akademiyası tərəfindən 1988-ci ildə təsis edilib. Builki mükafatın qaliblərinin müəyyən olunmasında Avropanın üç mindən artıq film tənqidçisi və mütəxəssislər iştirak edib.
   2016-cı ilin filmi «Toni Edmann» seçilib. Ekran əsəri dörd nominasiyaya layiq görülüb: ən yaxşı rejissor (Maren Ade), ən yaxşı aktyor (Peter Simonişek), ən yaxşı aktrisa (Sandra Xüller) və ən yaxşı ssenarist (Maren Ade).
   İlin ən yaxşı komediyası kimi mükafata «Uvenin ikinci həyatı» filmi layiq görülüb. Avropanın ən yaxşı animasiya filmi Fransa istehsalı olan «Kabaçokun həyatı» (rejissor Klod Barras) seçilib. 
   Ən yaxşı sənədli film nominasiyasında “Alovlu dəniz” (İtaliya) filmi qalib gəlib. İlin ən yaxşı qısametrajlı film nominasiyasında «Hələbdə mənim pəncərəmdən doqquz gün» filmi mükafat qazanıb.
   Avropa Film Akademiyası rusiyalı bəstəkar İlya Demutskini fərqləndirərək onu "Ən yaxşı avropalı bəstəkar" mükafatına layiq görüb. Bəstəkar "Şagird" (rejissor Kiril Serebrennikov) filminə musiqi yazıb.
   Dünya incəsənətinə verdiyi töhfələrə görə fəxri mükafata məşhur aktyor Pirs Brosnan və Polşa rejissoru Andjey Vayda (ölümündən sonra) layiq görülüb.
   
   İlona Qubadova