Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Xalq şairi, dramaturq Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” mənzum dramının italyan dilinə tərcümə edilmiş variantının təqdimatı olub. 
   Universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ədibin yaradıcılığı barədə məlumat verib. “Pompeyin Qafqaza yürüşü” əsərini italyan dilinə ADU-nun baş müəllimi Aydan Əliyeva tərcümə edib. O, əsərdə tarixi məqamla yanaşı, mədəni nüansların da olduğunu vurğulayaraq tərcümə variantında da bunların əks edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, əsərin italyan teatrlarında səhnələşdirilməsi iki ölkə arasındakı mədəni münasibətlərə töhfə ola bilər.
   “Pompeyin Qafqaza yürüşü” əsəri barədə məlumat verən N.Həsənzadə əsərin indiyədək səhnələşdirilməsində, həmçinin tərcümə edilməsində əməyi olanlara minnətdarlığını bildirib.