Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 12-15 dekabr tarixində UNESCO-nun baş qərargahında təşkilatın Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında iştirak edib.
Sessiyada rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət prinsiplərinin layihəsi müzakirə olunaraq qəbul edilib. İndiyədək 144 dövlət tərəfindən ratifikasiya olunan sənəd mədəniyyətin idarə olunması və mədəniyyət sahəsində rəhbərlik üzrə yeni beynəlxalq çərçivə rolunu oynayır.
Rəqəmsal idarəetmə məsələlərinin daha effektiv həlli, açıqlıq və əlçatanlıq prinsiplərinə əsaslanan yeni siyasət və tədbirlərin (yaradıcılığa dəstək, mədəniyyət sənayesinin modernləşdirilməsi, mədəni və linqvistik bazanın diversifikasıyası və s.) həvəsləndirilməsi məqsədi daşıyan sessiya çərçivəsində 13 dekabrda UNESCO-nun baş direktorunun müavini Françesko Bandarin, Fransanın mədəniyyət və kommunikasiya naziri Odre Azuley, vətəndaş cəmiyyəti üzvləri və digər şəxslərin iştirakı ilə yüksək səviyyəli panel təşkil edilib.
Sessiyada debatlar keçirilib, 2005-ci il Konvensiyasının BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə töhfəsi, Konvensiyanın həyata keçirilməsinə dair fəaliyyət prinsiplərinə dair ilkin layihə müzakirə olunub.
Konvensiyanın 2005-ci ildən bəri imzalanmış 51 ikitərəfli və regional sazişə təsiri, İspaniya və Latın Amerikası ölkələrində mədəniyyət və yaradıcı sənayelərin rəqəmsal texnoloji çağırışlara adaptasiyası üzrə araşdırmalar komitənin müzakirəsinə təqdim edilib.
Komitə həmçinin Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fond çərçivəsində inkişaf etməkdə olan ölkələrdə mədəni və yaradıcı sənayenin dəstəklənməsi istiqamətində maliyyələşdirmə ilə bağlı müraciətlərə dair qərarlar qəbul edib.