Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində, Yeni yaşayış massivində, Ahıllar evində və Gəncə şəhəri Yeni qəsəbə-2-də “Sadəcə gülək” adlı səhnəciklər nümayiş olundu. Xocalı rayon Mədəniyyət evinin direktoru, quruluşçu rejissor Orxan Vahidoğlunun rəhbərliyi ilə hazırlanan səhnəciklər böyük maraqla qarşılandı.
Xocalı rayon MKS-nin əməkdaşı Zahirə Usubovanın aparıcılığı ilə təqdim olunan səhnə əsərlərində Mədəniyyət evinin direktoru Orxan Vahidoğlu, Xocalı rayon 4 saylı tam orta məktəbin 10 sinif şagirdləri Yusif Məmmədov və Nihad Qəribov, aktyor Adil Səfərov öz ifaçılıq bacarıqlarını göstərdilər.
Səhnəciklərarası fasilələrdə 4 saylı orta məktəbin şagirdlərinin ifasında rəqslər təqdim olundu. “Kirayə ev”, “Telli və Vəli”, “Qırmızıpapağın nağılı”, “Nənə və nəvə” və “Gecənin həzzi” səhnəcikləri tamaşaçılarda xoş ovqat yaratdı.
İnanırıq ki, bu səhnə əsərləri məktəblilərin xatirəsində uzun müddət qalacaq. Şagirdlər xahiş etdilər ki, belə tamaşalar tez-tez təşkil edilsin.
Çəkdiyin əziyyətin qarşılığında “sağ ol” kəlməsini eşitmək insanı sevindirməyə, onu gələcəkdə yeni işlər görməyə sövq edir. Xocalı rayon Mədəniyyət evi kollektivinin məqsədi belə tamaşaları mütəmadi olaraq sakinlərimizin yaşadıqları ərazilərdə nümayiş etdirmək, aktyorluq qabiliyyətinə malik şagirdləri qrupumuza cəlb etməkdir.
Təranə Qasımova,
Xocalı rayon Mədəniyyət evinin bədii rəhbəri