Azərbaycan kinosunda neft mövzusu 
   
   Ölkəmizi dünyaya tanıdan “qara qızıl” iqtisadi güc və qüdrət olmaqla yanaşı, zaman-zaman müxtəlif səpkili incəsənət əsərlərinə mövzu olub, hətta bəzi sənət növlərinin təşəkkül tapmasına təkan verib. Bu sırada kinonu xüsusi qeyd etmək lazımdır. 1898-ci ildə fotoqraf Aleksandr Mixayloviç Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı” adlı kinosüjetlər Bakının neft şəhəri kimi tanınmasına töhfə olmaqla bərabər, həm də Azərbaycan kinosunun yaranmasına zəmin idi. XX əsrin əvvəllərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən yeni kinoxronikalar və sənədli filmlər çəkildi. 
   
   “Neft və milyonlar səltənətində” - ilk ikihissəli bədii film
   
   Neftlə bağlı sənədli süjetlərdən sonra milli kinomuzda ilk bədii filmlərdən biri neft mövzusundadır. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyət İbrahimbəy Musabəyovun “Neft və milyonlar səltənətində” povesti əsasında eyniadlı bədii filmin çəkilişinə start verdi. Filmi çəkmək üçün Peterburqdan rejissor B.N.Svetlov dəvət olundu. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını canlandırıb. Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz Cəlil ona məxsus torpaq sahəsində neft tapılması nəticəsində varlı sahibkara çevrilir. Lakin var-dövlətin qədrini bilməməsi, Lütfəli kimi hiyləgər neft sahibkarı ilə dostluq etməsi onu müflisləşdirir. Filmdə burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn, amma orada özünə yer tapa bilməyən Cəlilin faciəli həyatı əks olunub.
   
   Neft sənayesinin problemləri yeni ekran əsərlərində
   
   Sonrakı illərdə də Bakı nefti yeni ekran əsərlərinə mövzu olmaqda davam edirdi. Sovet hakimiyyətinin ilk illərində fəhlələrin həmkarlar ittifaqlarının işindəki problemlər haqqında da filmlər çəkilirdi. 1924-cü ildə rejissor Aleksandr Litvinov bunu komediya janrında göstərdi. “Mədənçi-neftçi istirahətdə və müalicədə” filmində fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açılır.
   Artıq neft sənayesində olan konfliktlər kinematoqrafçılar üçün əsas mövzulardan biri idi. A.Litvinovun 1926-cı ildə çəkdiyi “Müxtəlif sahillərdə” detektiv-dramının süjeti də neft mədənlərində gərgin əməklə məşğul olan işçilərə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. O dövrdə Bakıda yerli və gəlmə mütəxəssislər arasında tez-tez münaqişələr yaranırdı. Məhz bu münaqişələr filmin əsasını təşkil edib.
   1928-ci ildə Azərbaycan və Ermənistan kinematoqrafçılarının birgə istehsalı olan “Vulkan üzərində ev” sosial dramı çəkildi. Filmin rejissoru və ssenari müəllifi Amo Beknazarov idi. Filmdə 1907-1908-ci illərdə Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələr qocaman qazma ustasının xatirələrində canlandırılır.
   1935-ci ildə neftçilərin həyatından bəhs edən və dram janrında olan “6-cı hiss” filmini azərbaycanlı rejissor Mikayıl Mikayılov çəkdi. Bu tip səssiz filmlərdə xronikal süjetlərdən istifadə olunması təbii idi. Çünki filmlərin mövzuları da bəzən real həyatla səsləşirdi.
   XX əsrin 30-cu illərinin sonlarından başlayaraq neft sənayesinə gənc mütəxəssislər cəlb olunmağa başlandı. Yeni nəsil mütəxəssisləri ilə yaşlı neft ustaları arasında münasibətlər isə rəvan deyildi. Elə rəhbər dairələrdə də qocaman neftçilərə münasibət belə idi. Bu proseslər 1940-cı ildə rejissorlar Ağarza Quliyev və Qriqori Braginskinin birgə çəkdiyi “Yeni horizont” dramında canlanıb.
   O dövrdə Bakı neftçiləri açıq dənizdə qazma üsullarını sınaqdan çıxarmağa başlamışdılar. Bunun real təzahürü tarixi-inqilabi janrda olan “Bakının işıqları” filmində əks olunub. 1950-ci ildə ərsəyə gələn və rus dilində çəkilən ekran əsərinin rejissorları Rza Təhmasib, Aleksandr Zarxi və İosif Xeyfis idi. Qeyd edək ki, Azərbaycan kinosunda ilk dəfə İosif Stalin və Mircəfər Bağırovun obrazı da bu filmdə yaradılıb. Ekran əsərində Stalin rolunu Mixail Gelovani, Mircəfər Bağırov rolunu isə Rza Təhmasib oynayıb. Stalinin ölümündən (1953) sonra filmdə ayrı-ayrı epizodlar kəsilib götürülüb və 1958-ci ildə o, yenidən ekrana buraxılıb.
   
   Televiziyada nümayiş etdirilən ilk film neftçi-müğənnidən bəhs edirdi
   
   Dəhşətli müharibənin (1941-1945) ağrı-acılarından sonra 1950-ci illərin sonuna doğru Sovet İttifaqında sosial həyatda, mədəniyyətdə canlanma baş verdi. Diktator Stalin dünyasını dəyişdikdən sonra artıq rahat şəkildə gülmək də olardı. Belə bir vaxtda rejissor Lətif Səfərov neftçilərin həyatını “Bəxtiyar” filmində (1955) musiqili-komediya janrında göstərdi. Filmin baş qəhrəmanı Bəxtiyar Muradovun məlahətli səsi olmasına baxmayaraq o, neftçi peşəsini seçir. Klub müdiri Ağabala isə Bəxtiyarı məşhur müğənni etmək vədi ilə əslində olun fitri istedadından yararlanmağa başlayır, onun konsertlərini təşkil edir və çoxlu pul qazanır. Sonda Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır. “Bəxtiyar” həm də Azərbaycan Televiziyasında nümayiş etdirilən (1956) ilk bədii film olub.
   
   “Neft daşları” və dəniz neftçilərinin fədakar əməyi ekranda
   
   Neft sənayesi qurudan dənizə daşındıqca filmlərin mövzuları da onları “təqib” edirdi. Keçən əsrin 50-ci illərinin sonlarından başlayaraq neft mövzusunda çəkilən filmlər dənizdə qazma işlərindən bəhs edirdi. Rejissor Ağarza Quliyevin 1956-cı ildə çəkdiyi “Qara daşlar” filmi neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələri əks etdirirdi. Bəzi filmlər isə Xəzərin ortasında salınmış “Neft daşları” şəhərciyində yaşayıb işləyən neftçilərin əməyinə və məişətinə həsr olunurdu. “Möcüzələr adasında” (rejissor və ssenari müəllif Həsən Seyidbəyli, 1963) dramında ömürlərini bu “ada”da keçirən adamların qarşılıqlı münasibətləri haqqında söhbət gedir.
   Rejissor Arif Babayevin də böyük kinoda ilk müstəqil işi (“İnsan məskən salır” (1967) tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin həyatından bəhs edir.
   Rejissor Həsən Seyidbəylinin müharibə janrında çəkdiyi “Bizim Cəbiş müəllim” (1969) filmindəki hadisələr Böyük Vətən müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan Cəbiş müəllimin və sadə adamların mənəvi ucalığından söhbət açılır. Sovet İttifaqının faşist Almaniyası ilə müharibədə qələbə qazanmasında Bakı neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər də ilk dəfə kinoda “Bizim Cəbiş müəllim” filminin personajı, neft mühəndisi Nəcəfovun dili ilə söylənilib: “Hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Bakı nefti təmin edir”. Rejissor H.Seyidbəyli Nəcəfov obrazının dili ilə, əslində o vaxtkı ittifaq dairələrinin, rusların xoşuna gəlməyən faktları ekrana çıxarmışdı.
   
   Mükafat qazandıran neft filmləri
   
   1977-ci ildə isə neft mövzusuna rejissor Eldar Quliyev müraciət edir. Dram janrında olan “Sevinc buxtası” bədii film 1920-ci ildə Azərbaycanın sovetləşməsi zamanı neft maqnatlarının yeni hakimiyyətlə mübarizəsindən söz açır. Onlar üçün yalnız bir yol qalıb - iqtisadi blokada. Belə bir şəraitdə hökumət qərar qəbul edir: dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Film 1978-ci ildə Dövlət mükafatına layiq görülür.
   1980-ci ildə Mirzağa Mirmövsümov İbrahimbəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin ikinci ekran variantını yazır. “Qızıl uçurum” adlı filmi Fikrət Əliyev çəkir. Filmdə natura səhnələrinin çəkilişi üçün 16 buruq qurulmuş və tonlarla neftdən istifadə edilmişdi. “Qızıl uçurum” filmi 1983-cü ildə XIV Ümumittifaq Kino Festivalında (Leninqrad) rejissor Fikrət Əliyevə “Uğurlu debütə görə” mükafatı qazandırıb.
   Bir il sonra (1984) rejissor Ənvər Əblucun macəra janrında çəkdiyi “Qara gölün cəngavərləri” filmi isə 1905-ci ildə neftçi fəhlələrin həyatından bəhs edirdi. Filmin əsas qəhrəmanları uşaqlar idi. Onlar da böyüklərlə birlikdə neft maqnatlarına, istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film XVIII Ümumittifaq Kino Festivalında (Minsk, 1985) Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin mükafatına layiq görülüb.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar