...ağlayaydı kaş”?! Bilirəm, nə təəccüb, nə də təəssüfləndiniz. Çünki söhbətin Tofiq Bayramdan getdiyini həmən bildiniz...
   
   Neçə-neçə bu sayaq obrazlı sözlərilə bahəm, büsbütün şairanə və özgür ədaları, gur-gur səs-sədaları ilə də dillərdə obrazlaşmış Tofiq Bayramdan...
   Və təbii ki, mənim, oxucu diqqəti, cəzbi-reklam naminə üç nöqtələr intizar-ixtisarı ilə verdiyim başlığın orijinalda “təkcə toy günündə ağlayaydı kaş” variantında olduğunu da bildiniz... 
    Məlumunuz olsun ki, mən də bu yanaşmamın onun çağdaşları, müasirləri tərəfindən yüzə-yüz təsdiqlənib, düzə-düz hesab ediləcəyinə tam əminəm. Hətta onların arasında şairin - Azərbaycan Radiosunun (1926) və Televiziyasının (1956) yaranmalarının 50 və 20 illikləri münasibətilə yazdığı şeirdəki “Mehdi Hüseyn küçəsi, Mehdi Hüseyn küçəsi!” kimi gurlamlarına, “Ay gecikən məhəbbətim!”indəki sayaq xiffət-haraylarına, “Gərək elə yanım!” qəbilli ülfət-çağlamlarına adekvat epitetlər işlətməyimi arzulayardılar. Məsələn, “təkrarsız tribun”, “qiraət atomu”, “şimşək çaxımlı, “dəli”-dolu yağımlı” Tofiq Bayram...
   Bu “hərbə-zorba” nüanslı təqdimatdan sonra, şairin bir neçə zər-zərif şeirini xatırladım və belə bir incə-mincə duyğulu yarımbaşlığa əşhədi-ehtiyac duydum:
   
   Arifi-zərif Tofiq Bayram...
   
   Həmin şeirlərdən biri də “Qadın ürəyi”!..
   Və o doqquz bəndlik poetik zəriflikdən ikicəsi:
    
   ...Güldürsən, ömürlük səadətindir,
   Söndürsən, yanmağı bir də çətindir.
   O, əsl qayğının, məhəbbətindir,
   Sevgisiz, zindandır qadın ürəyi.
    
   Sənsiz əl çəkərəm arzudan, kamdan,
   Nə çıxar sevgisiz - sənsiz ilhamdan?
   İncitsən, dözərəm, Tofiq Bayramdan
   İncimə, amandır, qadın ürəyi!..
    
   1934-cü ilin son ayında Əmircanda doğulub, 1991-ci ilin aprelində elə o yurdun məzarlığında dəfn olunub. Ömrünün son üç-dörd ilində ürəyinin başında gəzdirdiyi Qarabağ dərdi ilə birgə gömülüb torpağa. Sinəsində şair ürəyi - hər digər görəvlilərdən daha həssas, daha kövrək bir qəlb daşıması azmış kimi, “...yaddançıxmaz Qarabağ” onu daha da kövrəldib kükrətmişdi. Xısın-xısın danışan bəzi həmkarlarına “orijinal”ındakından bir az da artıq, bir qədər də zildən gurlayırdı hərdən. “Kremlin valı, Bakının yalı ilə üstümüzə hürənlər”, “qızlarının gözü həmişə başıpapaqlılarımızda, dığalarının gözü torpaqlarımızda!” kimi poetik-replik sözlər işlədərdi ermənilərin ünvanına. 
   Bu fani, amma həm də “qəni-qəni gözəl dünya”dan xəyal-dünyaya gediminədək adi olmamağa çalışıb bu şair. “Ana təbəssümü” adıyla çap etdirdiyi otuz altı səhifəlik ilk kitabından, ölümündən az əvvəl nəşr edilmiş “Ay gecikən məhəbbətim” adlı son (12-ci) kitabınadək ədəbi aləmə səs salıb. Qardaş xalqlar poeziyasından ana dilimizə gözəl, dostlarının təbirincə, “Tofiqləngər tərcümələr” edib. A.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsi də o vaxt ədəbi ictimaiyyət içərisində “ilin tərcüməsi” kimi səs çıxarmışdı və bu ciddi işinə görə, “məşhur avtor”un əsərinin “ikinci müəllifi” kimi qiymətləndirilən Tofiq Bayram 1988-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
   Bu məqamda deməmək olmur ki, bu şairin Rəsul Həmzətovdan tərcümələri o illərin hadisəsi kimi qiymətləndirilərdi. Geniş ürəkli, saf-sadədil Tofiq Bayram Rəsul Həmzətovun Azərbaycan tanıtımına bir igid ömrü həsr etmişdi. Böyük Səməd Vurğunla dostluqlarına bir övlad fəxarət-sədaqətilə yanaşan Tofiq onun yaradıcılığından ibarət tərcümələrindən “Dostları qoruyun” adlı 304 səhifəlik bir kitab nəşr etdirmişdi. “Əziz dostum məndən küsüb, incidi”, “Dost gedib, özümə gələ bilmirəm, ...Gözümün yaşını silə bilmirəm”... 
   Yuxarıda işlətdiyim “fani dünya” ifadələrinin “açması” vaxtıdır. Belə ki, bir vaxtlar Səməd Vurğuna bizim şairlərdən də qəşəng misralar qoşub-coşan o şair sonralar məlum Qarabağ hadisələrinin başlanğıcında Azərbaycan həqiqətini erməni yalan-yamanlarına satmaq cəhdləri etdi... 
   
   Tofiq Bayram isə...
   
   Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri kimi başlayıb. Azərbaycan Televiziyası və Radiosunda redaktor, Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini, ömrünün sonlarında isə yalnız yaradıcılıq “vəzifə”lərində çalışan şair doğumundan ölümünə sovet rejimində yaşasa da, qələmindən qədəminə azad, sərbəst görünüb. Bir çox postsovet tərənnümçülərə nisbətdə “naxələf” sələf kimi tanınıb. Kremlin “krem”li rəhbərlərinə, ideologiyasına “qələm-rəncbərlik” etməyib. Oxuduqca hiss edirsən ki, bu şair könül çəminə keçənlərin əksərinin məna cəmini tamamlamağa, məzmun “suyunu” son damlasınadək çəkib çıxarmağa çalışıb. Hər Azərbaycan insanının həyatında bircə kərə çalınan məlum havanın əkiztayını - mətn gəlin-bacısını yaratdığı “Vağzalı”da, böyük sələfinin “dərsə gedən bir uşaq”ından tutmuş sevgi-məhəbbətin qış-dış dövrlərində görüşə uçar quş kimi yürüyən cavanlaradək - hamını yıxan buz üstdə “əsl kişi oyunu” adlandırdığı (xokkey) “Əsrin oyunu”nda, əksəriyyətin etiraf etməyə çəkindiyi “retro”-sevgi mövsümünü bütün duyğu nüansları, həsrət-xiffət fəsillərilə canlandırdığı “Ay gecikən məhəbbətim”ində olduğu kimi...
   Yüzlərlə gözəl poeziya nümunələri içərisindən üçünün adını çəkdim və bəri başdan deyim ki, yığcamlıq xatirinə, onlardan yalnız ikisi üstdə dayanmalı və bunları da lap abituriyentlik “konspekt”ləri variantında təqdim etməli oluram.
   “Vağzalı çalınır”dan başlayaq:
   
   Duvağa bürünüb yola düşürsən, 
   Ay bacım, sən haldan-hala düşürsən.
   ...Özgə bir yuvaya köçürsən indi. 
   Gedirsən könlünü verdiyin yerə. 
   Buydu anamın da fikri, xəyalı, 
   Bəs niyə kövrəlir o, birdən-birə? 
   …Bir evdən bir evə səadət gedir, 
   Biri yola salır, biri səsləyir. 
   Bir ana qızını burda ləngidir, 
   Bir ana həsrətlə gəlin gözləyir.
   …O göz yaşlarında sevinc var, bacım. 
   Səadət həmişə gülmək deyildir, 
   Ana qız toyunda ağlayar, bacım. 
   “Vağzalı” çalınsın, get yavaş-yavaş. 
   Dünyada hər ana öz anam kimi 
   Bircə toy günündə ağlayaydı kaş...
   
   Və... “məhrəm”lik baxımından bir qədər “konspirativ” konspekt. Əlbəttə, “Ay gecikən məhəbbətim”dən: 
   
   İllər boyu səni gəzdim, 
   Ay gecikən məhəbbətim! 
   Sən yubandın, mən tələsdim, 
   Getdi gənclik təravətim, 
   Ay gecikən məhəbbətim! 
   Saç ağartdım bu yollarda, 
   Harda idin, söylə, harda? 
   Bir yarpağam, son baharda 
   Saralıram yetim-yetim, 
   Ay gecikən məhəbbətim!
   ...Sevə-sevə öləydim kaş. 
   Sən olaydın vəsiyyətim. 
   Ay gecikən məhəbbətim! 
   Cəzam varsa, verən gəlsin. 
   Könlü hicran görən gəlsin, 
   Məcnun gəlsin, Kərəm gəlsin, 
   Desin nədir qəbahətim, 
   Ay gecikən məhəbbətim!
   
   Belə, şair! Təki oxucu məhəbbəti gecikməsin...
   Ruhuna rəhmət, hələ də dillərdə dolaşan adına salam, əziz xatirənə ehtiram, Tofiq Bayram!..
   
   Tahir Abbaslı