Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İl boyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir. Bu günə qədər 47 məktəbin qoşulduğu layihəyə daha 3 məktəb qoşulub.
   Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu nəzərə alaraq, bu dəfə "Qardaşlaşma sazişi" müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları məktəblər arasında imzalanıb. Mərasim dekabrın 10-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbi, Qəbələ şəhər Nicat Atayev adına 4 nömrəli tam orta məktəbi və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbi şagirdlərinin iştirakı ilə həyata keçirilib. İsmayıllı məktəbini hapıtlar, Qəbələ məktəbini ləzgilər, Şəmkir məktəbini Azərbaycan türkləri təmsil edib.
   Məktəblilərə layihənin əhəmiyyəti haqqında məlumat verilib. Bildirilib ki, layihə müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına, şagirdlərin dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaq.
   Məktəblilərin Şəmkir şəhərində ekskursiyası təşkil olunub. XIX əsrdə inşa olunmuş alman kirxasında şagirdlərə alman icmasının bölgədə yaşayışı, tikilinin tarixi barədə məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da məktəblilərlə görüşüb.