Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bolqar Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda fotosərgi və dəyirmi masa təşkil olunub.
Sərginin açılışında Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru Anastas Qerdjikov, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Deyana Danailova və Elmlər Akademiyasının mədəni-tarixi irs və milli identiklik istiqamətinin elmi katibi Yohanna Spassova, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev çıxış ediblər.
Səfir Nərgiz Qurbanova Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin qarşılıqlı anlaşma və sülh şəraitində yaşadığı məkan olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq, burada pravoslav və katolik kilsələri, yəhudi sinaqoqları, atəşpərəstlərin məbədləri multikultural irsin parlaq nümunələri kimi yanaşı mövcuddur. Hazırda Azərbaycanda 27 qeyri-islam dini icması mövcuddur, 13 kilsə və 7 sinaqoq sərbəst şəkildə fəaliyyət göstərir.
Diplomat eramızdan əvvəl IV əsrdən bizim eranın 705-ci ilinədək Cənubi Qafqazın şərq hissəsində mövcud olan Qafqaz Albaniyasında yaşayan əcdadlarımızın islamdan öncə atəşpərəst, daha sonra xristian olduğunu vurğulayıb, bu dövlət haqqında iştirakçılara qısa məlumat verib. Həmçinin Qafqaz Albaniyasının tarixi, bu dövlətdə xristianlığın yayılması, arxeoloji qazıntılar zamanı bu qədim dövlətə aid əşyalar, yaşayış məskənləri, hazırda Azərbaycan hökumətinin Qafqaz Albaniyasının irsinin qorunması ilə bağlı həyata keçirdiyi tədbirlər barədə söz açılıb.
“Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” fotosərgisi dekabrın 22-dək davam edəcək.