Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da Sabirabadda vətəndaşların qəbulundan sonra rayondakı bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.
Nazir ilk olaraq rayon Mədəniyyət mərkəzinə gəlib. Mədəniyyət mərkəzi, əməkdaşların iş şəraiti ilə tanış olan nazirə məlumat verilib ki, yeni yaradılan Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi bu binada yerləşəcək.
Əbülfəs Qarayev sonra rayon Tarix-diyarşünaslıq muzeyində olub. Nazirə muzeyin tarixi barədə məlumat verilib. Qeyd olunub ki, muzey 1978-ci ildə Mədəniyyət evinin binasında "Döyüş şöhrəti otağı” kimi fəaliyyətə başlayıb.
Bildirilib ki, hazırda muzeyin fondunda 6400-dən çox əsas və 2500 köməkçi fond materialları olmaqla 9 minə qədər eksponat var. Buraya arxeologiya, məişət, etnoqrafik, numizmatika materialları, tariximiz, milli adət-ənənələrimizlə bağlı digər eksponatlar, foto və sənədlər daxildir. Muzeyin birinci ekspozisiya zalında Sabirabadın tarixi, rayon haqqında statistik məlumatlar, tarixi abidələr və rayonun görməli yerlərinin fotoşəkilləri, arxeoloji abidələrin aşkar edildiyi yerlər və s. barədə məlumat təqdim olunur.
Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.