Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Mədəniyyət və Turizm idarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, rəssam Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.
Sərgidə rəssamın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan gətirilmiş 20 əsəri nümayiş olunub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Mədəniyyət və turizm idarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, rəssamın oğlu Elnur Hüseynov, incəsənət xadimləri və digər qonaqlar çıxış ediblər.
Çıxış edənlər görkəmli rəssamın yaradıcılığı haqqında yüksək fikirlər söyləyib, xatirələrini bölüşüb, belə tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonra qonaqlar rəssamın həyat və yaradıcılığına həsr olunmuş video-çarxı izləyib, sərgidə nümayiş olunan əsərlərlə yaxından tanış olublar.
Qeyd edək ki, Əyyub Hüseynov daha çox zəhmət və kənd mövzusunda tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib, özünəməxsus bədii xüsusiyyətləri, geniş rəng yaxmaları ilə seçilən üslub nümayiş etdirib. Onun əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra” əsərləri, o cümlədən, “Aşıq Ələsgər” və “Əmək qəhrəmanları” portretləri hazırda müxtəlif muzeylərdə saxlanılır.