Dekabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “Yalnız barışa tarafız” adlı rəsm sərgisinin açılışı oldu. Tədbiri giriş sözüylə ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq ənənəvi sərginin mahiyyəti haqqında iştirakçılara bilgi verdi. O, barış mövzusunun dünyanın bugünkü durumu üçün əsl çözüm olduğunu bildirdi, sərgiyə qatılan hər bir iştirakçıya sayğısını ifadə etdi. 
   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərgiyə təqdim edilən əsərlərin mövzu və bədii məziyyətlərindən söz açdı. 
   Rəssam Nəvai Mətin hər bir iştirakçının mövzunu öz duyğu və düşüncələrinə uyğun işlədiyini, barışa özünəməxsus tərzdə yanaşdığını bildirdi. 
   “Yalnız barışa tarafız” beynəlxalq layihəsinin Azərbaycan təmsilçisi, rəssam Pərviz Əsədov hər ilin dekabrında ənənəvi olaraq keçirilən bu sərginin dünyada və yurdumuzda barışa töhfə verdiyini söylədi. O, sərgidə 80-dək rəssamın 100-dən çox əsərinin nümayiş olunduğunu bildirdi. 
   Hər bir iştirakçıya diplomlar təqdim olundu. Sonra sərginin açılışı baş tutdu. Sərginin ekspozisiyasında yer alan sənət əsərləri dünyada sülhün, sabitliyin, əmin-amanlığın, tolerantlığın, humanizm və xeyirxahlığın təbliğinə yönəlib. 
   
   S.Qaliboğlu