“Xalq Bank”ın “Xalq əmanəti” mədəniyyət layihəsinin növbəti təqdimatı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş heykəltəraş Samir Kaçayevin həyat və yaradıcılığına həsr edilib.
Layihənin sayca 14-cü nəşri - “Heykəltəraşlıq” bədii albomu gənc sənətkarın qısa, lakin dolğun ömür və yaradıcılıq yolundan bəhs edir.
Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevib. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olub hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. Göstərdiyi rəşadətə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
Samir Kaçayev yaşadığı qısa ömür ərzində yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Alboma onun 50-dən çox heykəltəraşlıq və qrafika işi daxil edilib.
Qeyd edək ki, Samir Kaçayevin əsərlərinin sərgisi “Xalq Bank”ın əsas binasında (Bakı, İnşaatçılar prospekti, 22L) nümayiş olunur, fevral ayından isə heykəltəraşın doğulduğu Şamaxı rayonunda “Xalq Bank”ın “Şamaxı” filialında (Şamaxı şəh., Şəhriyar küç. 1) fəaliyyət göstərəcək. Giriş sərbəstdir.
“Xalq əmanəti” layihəsi 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin tanıdılması məqsədi daşıyır. Layihə çərçivəsində kitablar Azərbaycan, ingilis və rus dillərində çap olunur. Nəşrlər respublikanın təhsil müəssisələrinə, kitabxanalarına, müxtəlif fondlara, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət diplomatik nümayəndələrinə, müxtəlif ölkələrin muzey və kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.