Noyabrın 23-26-da Bakıda növbəti “Start” Beynəlxalq film festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “Cinema” Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalın budəfəki qəbul qaydalarında dəyişiklik edilib. Öncəki festivallarda yalnız tələbə kinematoqrafçılar təmsil olunurdu.
   
   Festivalın təşkilat komitəsindən aldığımız məlumata görə, budəfəki festivalda 30 yaşına qədər gənc kinematoqrafçıların qısametrajlı filmlərinin yarışı da təşkil ediləcək. 2011-ci ildən isə tədbir “Start” Beynəlxalq Qısametrajlı Film Festival”ı kimi fəaliyyət göstərəcək.
   Bundan əlavə, “Start” festivalının münsiflər heyətində təmsilçilərdən biri və ya bir neçəsi ictimaiyyəti təmsil edəcək. Bu dəyişiklik festivala ictimai diqqətin artırılması məqsədi daşıyır. Təşkilat komitəsindən verilən məlumata görə, dünyanın nüfuzlu Kann, Venesiya festivallarında iştirak etmiş jüri üzvləri ilə də danışıqlar aparılır. Festivalda digər yenilik isə iştirakçı ölkələrin sayı ilə bağlıdır. Festivalda təmsil olunacaq 30-dək ölkə arasında Fransa, Rusiya, Çin, İran, Serbiya, Argentina kimi kino ənənəsi olan ölkələr var.
   Xatırladaq ki, “Start” Beynəlxalq film festivalı 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini genişləndirib.
   
   İntiqam Hacılı