Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovun noyabrın 21-də paytaxt Rabatdakı Ali Audiovizual və Kino Peşələri İnstitutunun direktoru Hakim Belabbes ilə görüşündə iki ölkə arasında kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Rəhbərlik etdiyi institutun fəaliyyətindən ətraflı məlumat verən Hakim Belabbes Azərbaycanla kino sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını deyib. Birgə layihələrin və kino həftələrinin təşkil edilməsinin mümkünlüyünü vurğulayan direktor, eyni zamanda iki ölkə arasında kino sahəsi üzrə təhsil alan tələbələrin təcrübə mübadiləsinin keçirilməsini təklif edib.
Azərbaycanın Mərakeşlə münasibətlərinin bir çox sahələrdə inkişaf etdiyini deyən Nazim Səmədov iki ölkə arasında vizaların ləğvinin bu istiqamətdə əhəmiyyət daşıdığını vurğulayıb. Səfir kino sahəsində əlaqələrin də bu prosesə töhfə verə biləcəyini qeyd edib. Bu məqsədlə o, ölkəmizin müvafiq ixtisaslı ali təhsil ocaqları ilə Mərakeş Ali Audiovizual və Kino Peşələri İnstitutu arasında tərəfdaşlığın yaradılmasının vacib olduğunu söyləyib.
Söhbət zamanı institutda mərakeşli fotoqraf Məhəmməd Tazinin Azərbaycanda çəkdiyi şəkillərdən ibarət sərginin təşkil edilməsinə dair razılığa gəlinib.
Sonda səfir institutla tanış olub, tələbələrlə görüşüb.