“Azərbaycan Atabəyləri” filminin ideyası və hədəfi tarixi yaddaşımızı təzələdi

 

Son günlər Azərbaycan incəsənəti tarixində baş verən önəmli hadisələrdən biri də “Azərbaycan Atabəyləri” filminin premyerası oldu. Azərbaycan Televiziyası, "Şahdağfilm" və Türkiyənin "İkinciYeniFilm" prodüser şirkətlərinin birgə istehsalı olan belə bir bədii-sənədli filmin ərsəyə gəlməsi milli kinematoqrafiyamızın salnaməsinə qızıl hərflərlə yazıldı və düşünürəm ki, bütün Türk dünyasında böyük əks-səda yaradacaq.

Ümumiyyətlə, Azərbaycanda tarixi kinonun ənənəsi zəngin deyil. İstər keçmiş sovet, istərsə də müstəqillik dövründə barmaqla sayılacaq sayda tarixi filmlər çəkilib.

Erkən Orta əsrlər Azərbaycan mədəniyyəti, yaşayış tərzi kinolarımızda, demək olar ki, öz əksini tapmayıb. Bu günə qədər Atabəylər dövləti milli kinematoqrafiyamızın diqqətindən kənarda qalıb. Lakin çox əhəmiyyətli olan və xüsusilə, Səlcuqlular dövründə bu coğrafiyaya bu qədər tarixi şəxsiyyətlərin bəyaz pərdəyə çıxması baxımından “Azərbaycan Atabəyləri” filminin kinematoqrafiyamızda böyük önəm daşıyır. Həmin dövrlə bağlı yeganə “Nizami” filmi çəkilib. O da sovet ideologiyasının diktəsi ilə...

“Azərbaycan Atabəyləri” filmində 1136–1225-ci illərdə Azərbaycanı, Şərqi Anadolunu, Şimali İraqı, İranı və Cibəli idarə etmiş Atabəylər dövlətinin qurucusu Atabəy Şəmsəddin Eldəniz və Azərbaycanın I böyük atabəyi Qara Sunqurun həyatından bəhs olunur.

Filmin quruluşçu rejissoru Məcid Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və "İkinciYeniFilm"i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Filmdə Şəmsəddin Eldəniz rolunda dünyaşöhrətli əlbəyaxa döyüş ustası Zabit Səmədov, Qara Sunqur rolunda İlqar Mehti çəkiliblər. Digər əsas rolları isə Xalq artisti Mehriban Əzki (Möminə xatın), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və digər sənətçilər canlandırıblar.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Kadrarxası mətni Xalq artisti Fəxrəddin Manafov səsləndirib.

“Azərbaycan Atabəyləri” filmi tariximizə də yeni faktlar gətirib. Bu, Şəmsəddin Eldənizlə Gəncə hakimi arasında əlaqədir. Süjet ayrı-ayrılıqda inkişaf etdirilsə də, filmdə vahid kontekstdə əks olunub.

Ekran işində emosional və məzmunca təsirli səhnələr, dialoqlar təkcə peşəkar aktyor oyununun yox, eyni zamanda dəqiq seçilmiş planlar, rakurslar, montaj həlli, mənalı pauzalar, rəssam işi və s. sayəsində baş tutub. Obrazların lakonik dialoqu, effektiv, dolğun portret planları, psixoloji mizanlar filmin mahiyyətini dəqiq xarakterizə edir.

Ümumiyyətlə, kişi obrazların qəhrəmana, cəngavərə xas xarizması, duruşu, ikinci plandakı mükəmməl oyunları, çətin psixoloji vəziyyətlərdə sükutla, bədən diliylə təmkinli ifa, gözlərlə danışmaq, səsinin, intonasiyasının gücü, soyuqqanlı və emosional vurğuları, o cümlədən mükəmməl döyüş səhnələri filmin uğurunu təmin edir.

Məlumdur ki, tarixi filmləri yaddaqalan edən təkcə məzmunu deyil, həm də cəlbedici döyüş səhnələridir. “Azərbaycan Atabəyləri” filmində istər aktyorların geyimləri, özlərini əsl Orta əsrlərdə yaşamış igidlər kimi göstərməsi, həyəcanlı səhnələri yaratmaq qabiliyyətləri və səs effektləri tamaşaçının diqqətini cəlb edir.

Bu baxımdan filmdə aktyorların kameranın önündə obrazı yaşaması, bu rolları tamaşaçıların yaddaşına o dövrdən gəlmiş həqiqi qəhrəmanlar kimi həkk etdirməyi bacarırlar. Xüsusən, Qara Sunqur və Şəmsəddin Eldənizin önə çıxarılan keyfiyyətləri isə tarixdə oynadıqları rolla bənzərlik təşkil edir. Qara Sunqurun  dövlətin təməllərini qoyan həm savaşçı, həm qurucu lider keyfiyyətləri, Eldənizin isə gələcəkdə Şəms-əd Din (dinin günəşi) titulu alması üçün dini və milli dəyərləri qılıncla qorumaq cəsarəti, obrazların tarixi şəxsiyyətlərlə tamamlanması kimi yadda qalır.

Son zamanlar Azərbaycan efirlərində milli mentalitet, xüsusən ailə dəyərlərimizlə uzlaşmayan verilişlərin çoxluq təşkil etməsini, sosial şəbəkələrdə bir çoxlarının necə “insanlıqdan çıxması”nı böyük təəssüf hissi ilə müşahidə edirik. Filmi seyr etdikcə adam, həqiqətən, o illərə, ailə dəyərlərinin möhkəm olduğu zamana getmək istəyir. Çünki bu film zəmanəmizin insanını o dövrə aparmaqla yanaşı, bugünkü dəyərlərimiz arasında birbaşa bağın mövcud olmasına inandırır.

Bugünkü ictimai-siyasi reallıqlar fonunda kinematoqrafçılarımızın yaratdığı bu cür dəyərli kino əsərləri milli-mənəvi zənginliklərimizin təbliğində və gənc nəslin təlim-tərbiyəsində əhəmiyyəti çox böyükdür.

Çünki tarixdə Azərbaycan ilk dəfə Atabəylər dövründə bütövləşib. Bu mənada filmin ideyası və hədəfi tarixi yaddaşımızı təzələsə də, bu yaddaş üzərində həm də gələcəyimiz qurulacaq. Xüsusi təmkinliklə hadisələrə izahat verilməsi, o dövr barədə əhatəli təsəvvür yaratmaq üçün olduqca vacibdir.

Filmdə diqqəti cəlb edən məsələlərdən biri də Zəngəzur yolu ilə karvanların işləməsini əks etdirən epizodlardır ki, onlar tarixi həqiqət olmaqla yanaşı, bu günümüzə verilən ismarışlardır.

Son illər dünya kinematoqrafiyasında tarixi mövzularda çoxlu uğurlu filmlər ərsəyə gətirilib. Xüsusən, qardaş Türkiyədə bu janrda çəkilən filmlərə tamaşa etdikcə içimdə bir həzin qibtə hissi yaranırdı. Ona görə də, tariximizi özündə əks etdirən, yeni dövrdə yeni ənənələrə söykənən filmlərimizin meydana çıxmasını səbirsizliklə gözləyirdim. Baxmayaraq ki, bunun o qədər də asan məsələ olmadığı bir həqiqətdir. Amma əsas ilk addımı atmaq idi. “Azərbaycan Atabəyləri” filmini izlədikdən sonra əmin oldum ki, nəhayət, bu istiqamətdə uğurlu bir addım atmağı bacardıq. Bu baxımdan, “Azərbaycan Atabəyləri” olduqca böyük nailiyyətdir. Başda Azərbaycan Televiziyası olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən qurumlara, yaradıcı heyətə təşəkkür edirəm.

 

İltifat Hacıxanoğlu