Kinorejissor Kamil Rüstəmbəyovun xatirəsi anılıb

Bu il Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış rejissor Kamil Rüstəmbəyovun (1924–1991) anadan olmasının 100 illik yubileyidir.

Dekabrın 18-də Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Kamil Rüstəmbəyovun 100 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Fondda keçirilən tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılıb.

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev, Xalq artistləri Əbdül Mahmudov, Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Oqtay Babazadə, Əməkdar artist Əliqulu Səmədov çıxış edərək Kamil Rüstəmbəyov haqqında xatirələrini bölüşüb, onun kino sənətimizə töhfələrindən söz açıblar.

Tədbirdə sənətkarın həyat və yaradıcılığı ilə bağlı videoçarx və rejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Qeyd edək ki, 1960-cı ildə “Aygün” tammetrajlı bədii televiziya filmi ilə sənət uğurunu qazanan K.Rüstəmbəyov milli kino salnaməsinə dəyərli töhfələr verib. 1965-ci ildə “Azərbaycanfilm”ə işləməyə dəvət olunan rejissorun yaradıcılığına “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (rejissor Şamil Mahmudbəyovla birgə) kimi məşhur ekran əsərləri daxildir. O, həmçinin  “Gözlə məni” bədii filmi, “Zəncirlənmiş adam” qısametrajlı bədii televiziya filmi, film-konsert (“Mahnı qanadlarında”) və sənədli filmlərin quruluşçu rejissorudur.