Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli təsviri sənətimizdə özünəməxsus yeri olan Xalq rəssamı, pedaqoq Tofiq Ağababayev 20 dekabr 2024-cü il tarixində, ömrünün 97-ci ilində vəfat edib.
Tofiq Məmmədəli oğlu Ağababayev 8 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alıb. 1966–1968-ci illərdə Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb, şəhərin estetik görünüşünə töhfə verən yeniliklərin müəllifi olub. Paytaxtımızın simvolik açarının düzəldilməsi də onun adı ilə bağlıdır.
Tofiq Ağababayev uzun illər Azərbaycan Rəssamlıq Akademiyasında fəaliyyət göstərib, neçə-neçə nəslə sənətin sirlərini öyrədib.
Monumental dekorativ-tətbiqi sənət, qrafika, keramika və boyakarlıq sahəsində əsərləri onun yaradıcılığında xüsusi yer tutur. Bakı Dövlət Sirkindəki “Azərbaycan sirki” mozaik lövhəsi, Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunda mozaik işləri, “Azərbaycan lirikası” triptixi bu qəbildəndir. Rəssamın portretlər qalereyasında da “Şah İsmayıl Xətai”, “Dədəm Qorqud”, “İlyas Əfəndiyev” və başqa diqqətəlayiq əsərlər çoxdur.
Tofiq Ağababayevin əsərləri Azərbaycanla yanaşı, Rusiya, ABŞ muzeylərində, Kanada, Türkiyə və Fransada şəxsi kolleksiyalarda saxlanılır.
Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına, 2008-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq rəssamı Tofiq Ağababayevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.