Dünyanın geniş turizm potensialına malik ölkələrindən olan Mərakeş bu sahədə cəlbediciliyini artırmaqla yeni hədəflər müəyyən edib.

Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, ölkə BMT-nin Dünya Turizm Təşkilatı – UNWTO-nun (2024-cü ildən BMT Turizm (UN Tourism) adlanır – red.) qlobal turizm gəlirləri reytinqində son dörd ildə 10 pillə irəliləyərək 2019-cu ildəki 41-ci yerdən 2023-cü ildə 31-ci yerə yüksəlib. Sözügedən dövrün ən azı iki ilində pandemiya səbəbindən turizm fəaliyyətinin durğunluq keçirdiyi də nəzərə alınarsa, bu diqqətəlayiq irəliləyişdir.

Məlumatda bildirilir ki, 2023-2026-cı illər üzrə Turizm yol xəritəsinə uyğun olaraq, Mərakeş 2026-cı ilə qədər turizmdən 12 milyard ABŞ dolları həcmində xarici valyuta gəliri əldə etməyi hədəfləyir.

2024-cü ilin 9 aylıq statistikasına görə, Mərakeş 13,1 milyon turist qəbul edib və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon nəfər çoxdur.

Turizm gəlirləri 2024-cü ilin avqust ayında 1,74 milyard dollar təşkil edib ki, bu da illik 20 % artımı göstərir. 2024-cü ilin ilk səkkiz ayında ümumi gəlirlər 7,83 milyarddan artıq olub, bu, sektordakı COVID sonrası dayanıqlığı nümayiş etdirir.

Mərakeş müsbət tempi saxlamaqla 2026-cı ildə 17,5 milyon turist cəlb etməyi, 2030-cu ilə qədər isə bu rəqəmi 26 milyona çatdırmağı hədəfləyir. “Strateji şaxələndirmə və özünəməxsus mədəni irsini təqdim etməklə, ölkə davamlı böyümə üçün hazırdır, iqtisadiyyatı və beynəlxalq mövqeyini daha da gücləndirəcək”, – deyə məlumatda qeyd olunur.

Mərakeşin turistik imkanları sırasında mədəni turizm xüsusi yer tutur və ölkə müvafiq strategiya sayəsində bu xüsusda cəlbediciliyini daha artırır. Noyabr ayında keçirilən “Qətər Səyahət” beynəlxalq sərgisində (Qatar Travel Mart 2024) Mərakeş Milli Turizm Ofisi "Ən Yaxşı Mədəni Təcrübə" mükafatına layiq görülüb.

V.Orxan